Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada MDB dövlət və hökumət başçılarının sammitində iştirakı ölkəmiz üçün bir çox baxımdan mühüm hadisələrlə yadda qaldı. Azərbaycan liderinin sammitdə çıxışında münasibət bildirdiyi bir çox məsələlər ölkəmizin regionda və dünyada tutduğu əhəmiyyətli mövqeyini ifadə etmiş oldu.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada MDB dövlət və hökumət başçılarının sammitində çıxışını və Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilməsi barədə qərarı şərh edən Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı İnterpress.az-a açıqlamasında səsləndirib.
T. Rüstəmxanlı bildirib ki, dövlət başçısı İlham Əliyev bu çıxışı ilə bir daha tarixi varislik prinsipi ilə milli gücümüzü ortaya qoydu.
“Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada MDB dövlət və hökumət başçılarının sammitində iştirakı ölkəmiz üçün bir çox baxımdan mühüm hadisələrlə yadda qaldı.
Azərbaycan liderinin sammitdə çıxışında münasibət bildirdiyi bir çox məsələlər ölkəmizin regionda və dünyada tutduğu əhəmiyyətli mövqeyini ifadə etmiş oldu.
Xüsusilə faşizm üzərində qələbənin 80 illiyi ərəfəsində XX əsr dünya tarixində mühüm yer tutan bu hadisədə Azərbaycanın müstəsna rolunu konkret faktlarla qeyd edən dövlət başçısı bir daha tarixi varislik prinsipi ilə milli gücümüzü ortaya qoydu”, – millət vəkili bildirib.
Daha sonra fikirlərinə davam edən xanım deputat Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilməsini Azərbaycanın növbəti diplomatik qələbəsi və Ermənistanın bu diplomatik müstəvidə də tam məğlubiyyəti adlandırıb.
“Eyni zamanda qeyd edim ki, gələn il Azərbaycanda III MDB Oyunları keçirilməsi, Gəncə şəhərinin idman paytaxtı olması ölkəmiz üçün mühüm bir hadisə sayıla bilər. Həmçinin, xüsusilə vurğulamaq istəyirəm ki, bu sammitdə MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunda yerləşən Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilməsi müstəsna əhəmiyyətə malikdir.
Buna qədər Şuşa şəhəri Türk dünyasının mədəniyyət paytaxtı elan edilib, Şuşada və digər işğaldan azad olunan şəhərlərimizdə müxtəlif beynəlxalq tədbirlər keçirilib. Lakin Ermanistanın da üzv olduğu təşkilat formatında MDB dövlət başçılarının iştirak etdiyi mötəbər qurumun belə bir qərar qəbul etməsi Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın bu diplomatik müstəvidə də tam məğlubiyyəti kimi qiymətləndirilməlidir.
Bu qərarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin “Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar” bəyanatı isə həmin məğlubiyyət üzərində dövlətimizin təntənəsi sayıla bilər”, – Tənzilə Rüstəmxanlı vurğulayıb.
İnterpress.az