Dünən bir qrup azərbaycanlı fəal və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Şuşa ərazisində Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçiriblər.
Etirazçılar ərazidə çadır qruplar. Sülhməramlı qüvvələrlə etirazçılar arasında toqquşma yaranıb.
Qeyd edək ki, bundan əvvəl dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
İlk növbədə onu deyək ki, sülhməramlıların fəaliyyət müddətinin başa çatmasına üç ildən az vaxt qalıb. Rus hərbçiləri torpaqlarımızda müvəqqəti olduqlarını unutmamalıdırlar. Bunu onlara biz xatırlatmalıyıq. Bu mənada təşkil edilən aksiyalar xüsusi əhəmiyyətlidir.
İkincisi, sülhməramlıların fəaliyyəti ilə bağlı xeyli pozuntular var. Biz bu barədə mövqeyimizi dəfələrlə çatdırmışıq. Lakin Rusiya dediklərimizi hələ ki, qulaqardına vurur.
Rusiya Müdafiə Nazirliyində Azərbaycanın toponimləri təhrif edilir. Bu günlərdə Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov məsələyə münasibət bildirmişdi. O söyləmişdi ki, sülhməramlılar adları olduğu kimi yazırlar, amma nazirlikdə bu toponimlər dəyişdirilir.
Əlbəttə, Azərbaycan bu məsələyə etinasız yanaşa bilməzdi. Beləliklə, Şuşadakı aksiyalar həm də rəsmi Bakının Rusiya Müdafiə Nazirliyinin, o cümlədən sülhməramlıların özbaşınalıqlarına reaksiyası kimi qiymətləndirilməlidir. Kreml başa düşməlidir ki, Azərbaycan bu cür təxribatlara sonsuzadək dözümlü yanaşmayacaq.
Düşünürəm ki, bu cür etiraz aksiyaları həm də Qarabağdakı ermənilərə də çağırışdır. Onlar da harda, kimin torpaqlarında olduqlarını unutmamalıdırlar.
Nəticə etibarı ilə bu cür addımlar müntəzəm olaraq həyata keçirilməlidir.
Kənan Novruzov
İnterpress.az