Bakıda keçmiş arvadını döyən şəxsə hökm oxunub. hadisə bu ilin noyabrın 9-da olub.
1996-cı ildə ailə quran Xəyal və Mədinə (şərtidir) 2013-cü ildə rəsmi olaraq boşanıblar.
Mədinə oğlu ilə birlikdə yaşayıb. İstintaq materiallarına əsasən, Mədinə ayrılmağına baxmayaraq, tez-tez Xəyalın qohumları ilə əlaqə saxlayıb və keçmiş ərinin ünvanına nalayiq ifadələr işlədib.
2021-ci ilin noyabrın 9-da Xəyal Mədinənin yaşadığı ünvana gedib.
Xəyal “sən niyə məni təhqir edirsən?” dedikdə Mədinə bildirib ki, o, belə bir hərəkətə yol verməyib.
Dediyini sübut etmək üçün bildirib ki, onun telefonu ustadadır və gedib telefon danışıqlarına birlikdə nəzər yetirə bilərlər.
Xəyal Mədinə ilə gəzib, telefonu verdiyi ustanı axtarır.
20-dən artıq mağaza axtarmalarına baxmayaraq, telefonu verdiyi ustanı tapa bilmirlər.
Bu zaman Xəyal əsəbiləşərək əli ilə Mədinənin sifət nahiyəsindən zərbə vurub.
Bu zaman Mədinə qışqırıb. Yoldan keçən qadınlardan biri Xəyala irad bildirdikdə Xəyal onun üzərinə gedib. Qadın isə polisə məlumat verib. Kənar şəxslər keçmiş ər-arvadı araladıqdan sonra Mədinə oradan ayrılıb.
Mədinə ifadəsində göstərib ki, telefon ustasını tapa bilməməsinə səbəb onun yerini unutmasıdır.
Mədinə təqsirləndirilən şəxslə barışdığını elan edib.
Məhkəmənin hökmü ilə Xəyal Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə (Xuliqanlıq) təqsirli bilinib.
Xəyala 1 000 manat məbləğində cərimə tətbiq edilib.