Azərbaycanda su itkisi yüksək olaraq qalır və torpaqların şoranlaşmasında bunun xüsusi payı var.
Bunu Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda keçirilən dinləmələrdə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.
“Bu məsələdə obyektiv və subyektiv səbəblər var. Sayğaclaşma hələ də başa çatmayıb, 90 %-dır. Bu səbəbdən abonentlərə verilən su adambaşı kvota ilə – bir nəfərə 5 kubmetr olmaqla hesablanır. Su təsərrüfatı sahəsində uçot və nəzarət işinin təkmilləşdirilməsi həlli vacib məsələ kimi önə çıxmalıdır. Suyun mənbədən götürülməsindən son istehlakçıya qədər bütün mərhələlərdə uçota alınması və dəqiq qiymətləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Həm içməli, həm də meliorasiya suyunda problemlər var”, – deyə o qeyd edib.