Deputat Eldar Quliyev Niderland səfirinə iradlarını bildirdibackend

Deputat Eldar Quliyev Niderland səfirinə iradlarını bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 18-də  Milli Məclisin Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar Quliyev Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri xanım Pauline Eizema ilə görüşüb.


Eldar Quliyev açıqlamasında görüş barədə fikirlərini bildirib:


“Azərbaycanda yeni fəaliyyətə başlayan xanım Pauline Eizemay ilə görüşdə bir çox məsələləri müzakirə etdik. Pandemiya ilə bağlı müəyyən məhdudiyyətlər olduğundan görüşümüz də gecikdi. Görüş zamanı Eizema xanımdan Azərbaycanla bağlı təəssüratlarını öyrəndim. O, Azərbaycan haqqında məlumatının olmadığını və ilk dəfədir ölkəmizə gəldiyini dedi. Qeyd edim ki, xanım səfir də mənim kimi iqtisadçıdır. İqtisadiyyatla maraqlanmağı sevir. Bildirdim ki, 70 illik sovet əsarətindən sonra xalqımız böyük qurbanlar bahasına 1991-ci ildə öz müstəqilliyini bərpa edəndə Ermənistanın işğalına, etnik təmizləmə siyasətinə məruz qalıb. İşğalın qarşısı yalnız ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndən sonra alınıb, 1994-cü ildə cəbhədə atəşkəs əldə edilib. 44 günlük müharibədən danışdıq.
Müzəffər odumuzun qələbəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında görülən işlər haqqında məlumat verdim. Dedim ki, 30 ildən çoxdu ki torpaqlarımız işğal altında idi. BMT-nin 4 qətnaməsi yerinə yetirilmirdi. Sadəcə o qətnamələrdə torpaqların Azərbaycan torpaqları olduğu göstərilmişdi. Təəssüf ki, ATƏT-in  Minsk qrupunun zəifliyi və ikili yanaşması üzündən qərarlar icra olunmamışdı. Ermənilər təkcə torpaqlarımızı işğal etməmişdilər, həm də təxribatlarla məşğul idilər. Növbəti təxribatlardan biri də 2020-ci ilin iyulunda Tovuzda törədilmişdi. Həmin döyüşlərdə 14 şəhid versək də, ermənilər layiqli cavablarını aldı və oradan qovuldu. Ölkə başçımız dəfələrlə sülsevər dövlət olduğumuzu bildirib. Ancaq ermənilər heç zaman sülhə boyun əymədilər. Ona görə də güc hesabına məcbur olduq ki, torpaqlarımızı alaq. Müzəffər ordumuz 44 günün içərisində mülki əhaliyə ziyan vurmamaq şərtilə onları müasir silahlarla təslim olmağa məcbur etdik. Noyabrın 10-da Ermənistan hərbi kapitulyasiya bağlamağa məcbur oldu”.


Eldar Quliyev Niderland Krallığının parlamentinin qərəzli yanaşmasına da etirazını bildirib:


“Xanım səfirlə görüşdə Azərbaycana qarşı 13 qətnamə qəbul etdiklərini dedim. Necə olur ki, bu qədər qətnamə qəbul olunur?! Belə çıxır ki, Niderland parlamentinin Azərbaycandan başqa dərdi yoxdur. Necə olur ki, erməni lobbisinin təsiri altında bu qətnamə qəbul olunur? Bu məsələyə parlament rəhbərliyi niyə etirazını bildirməyib?
Qeyd etdim ki, bu, bizə qarşı sizin parlamentin ikili yanaşması, erməni lobbisi ilə Azərbaycana qarşı iş aparmasıdır. Biz ermənilərin kilsələrini şəhərin ən gözəl yerində saxlamışıq. Mən xanım səfirə erməni yalanlarını ifşa edən sənəd göstərdim. Həmin sənəd 1978-ci ildə qəbul olunub. Hətta özüm də orada iştirak etmişəm. Həm rus,  həm erməni, həm də Azərbaycan gəncləri həmin tədbirdə iştirak edirdi”.


Deputat Eldar Quliyev xanım Eizemanın onun danışdıqlarından təsirləndiyini də deyib:

“Xanım Eizema Niderland parlamentinin yeniləndiyini və həmin qətnamələrlə bağlı ölçü götürəcəklərini bildirdi. Pauline Eizema Vətən Müharibəsi ilə bağlı Niderland cəmiyyətinin əsasən birtərəfli məlumatlar aldığını, səfir kimi bölgədə gedən prosesləri hökumətinə olduğu kimi və mütəmadi çatdırdığını qeyd etdi.
Vurğuladı ki, parlamentdən fərqli olaraq Niderland hökuməti balanslı mövqe tutur. Diplomat ölkəsinin Azərbaycanla daha sıx siyasi və iqtisadi iş birliyi yaradılması niyyətində olduğunu bildirdi, işğaldan azad olunmuş ərazilərin bərpası, aqrar sahənin inkişafı, şəhərsalma, bərpa olunan enerji sektoru kimi sahələrdə iqtisadi əməkdaşlığın perspektivləri barədə danışdı. Hətta yaxın gələcəkdə Niderland parlamentinin Azərbaycana gəlmək istəklərini də dedi”.

İnterpress.az