Hokm.az xəbər portalının dörd yaşı tamam olur. 2018-ci ilin mart ayının 16-dan fəaliyyətə başlayan xəbər portalı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi, idman və mədəni yenilikləri oxuculara çatdırır. Özünəməxsus dəsti-xətti ilə seçilən portalda müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Xəbər portalının gündəlik giriş sayı 10 min civarındadır.
Milli Məclisin deputatları Hokm.az-ı ad günü münasibətilə təbrik ediblər. Millət vəkillərinin təbriklərini təqdim edirik:
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc:
Mətbuat cəmiyyətin həyatında müstəsna rol oynayır. Medianın inkişafında əsas amillərdən biri obyektiv və qərəzsiz informasiya təminatı, peşə etikası kodeksinə riayət edilməsidir. Ölkə KİV-lərinin qarşısında dayanan vəzifələrdən biri də cəmiyyətin maariflənməsi olmalıdır. Sevindirici haldır ki, son dövrlər bu standartlara cavab verən xəbər portallarının sayı artır. Hokm.az fəaliyyət göstərdiyi müddət ərzində çoxminlik oxucu auditoriyasının etimadını qazanmaqla yanaşı, bütün hakimiyyət qolları ilə peşəkar əlaqələr qurmağa müvəffəq olub. Əsasən gənclərin çalışdığı və ərsəyə gətirdiyi Hokm.az-ın kollektivini təbrik edir, fəaliyyətində daha böyük uğurlar arzulayıram!
Deputat Rüfət Quliyev:
Hokm.az Azərbaycan internet media mühitində özünəməxsus yeri və rolu olan, cəmiyyətin maariflənməsi və informasiya ehtiyacının təmin olunması işinə öz uğurlu töhfəsini vermiş bir media resursudur. Əhalinin müxtəlif sosial qruplarına yönəlik eksklüziv xəbərləri ilə gündəmə gələn portalın daimi oxucuları arasında bir deputat, alim kimi mən də varam. Hokm.az-ın bütün kollektivini təbrik edir, sizə dördün yanına bir sıfır atmaqla, dördüncü onillik yubileyinizin nəsib olmasını arzu edirəm!
Deputat Könül Nurullayeva:
Hokm.az portalının kollektivini dörd yaşının tamam olması münasibətilə təbrik edirəm. İnformasiya portallarının sayının artdığı, sosial medianın aktuallıq kəsb etdiyi bir şəraitdə gərgin rəqabət mühitində fəaliyyət göstərmək və böyük oxucu auditoriyası toplamaq asan məsələ deyil. Dörd il o qədər də böyük vaxt olmasa da, Hokm.az qısa müddətdə böyük oxucu auditoriyası toplaya bilib. Hər zaman dəqiq, operativ xəbərlər təqdim edir. Maraqlı müsahibələr, təhlillər, müəllif yazıları peşəkar formada, tam obyekiv şəkildə oxuculara çatdırılır. Vətən müharibəsi dövründə də bu portal etibarlı informasiya mənbəyi kimi operativ məlumatları oxuculara çatdırması ilə diqqət çəkdi. Yeni qəbul edilən “Media haqqında qanun” ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradacaq. Ümid edirəm ki, Hokm.az da yeni qanundan irəli gələn prinsiplər əsasında fəaliyyətini davam etdirərək, informasiya mübarizəsində öz töhfəsini verəcək. Bir daha sizləri təbrik edir, fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm!
Deputat Bəhruz Məhərrəmov:
Müasir media dövründə dünyada ciddi informasiya mənbəyi kimi qəbul edilə bilmək çox çətindir. Qloballaşma və vahid elektron mühitin mövcudluğu şəraitində təbii ki, eyni şərtlər Azərbaycan üçün də keçərlidir. Bu mənada, çoxsaylı media subyektləri sırasında fəaliyyətini peşəkar ənənələri üstün tutmaqla, qərəzsiz, tərəfsiz və vicdanlılıq prinsiplərinə söykənməklə quran Hokm.az özünəməxsus rola malikdir. Əlbəttə, şəxsən mənim üçün internetdə baxış statistikası media qurumunun ciddiliyinin göstəricisi deyil. Çünki, bir çox hallarda hansısa bayağı informasiyaya münasibətdə baxış statistikası ciddi və önəmli xəbərlərdən daha çox ola bilir. Lakin, Hokm.az fəaliyyət göstərdiyi qısa müddət ərzində ciddi xəbər yükü ilə həm peşəkar imic, həm də çoxsaylı izləyici kütləsi qazana bilib. İnformasiya müharibəsi şəraitində bu kimi media resurslarının varlığı informasiya təhlükəsizliyimizin etibarlı təmini üçün vacibdir. Daimi izləyicisi olaraq hesab edirəm ki, sayt peşakar jurnalistika fəaliyyəti ilə yanaşı, həm də istər daxildə, istər xaricdə milli maraqlarımızın ziddinə yönəlmiş təxribat məqsədli feyklərə münasibətdə köklü mübarizə vasitələrimiz sırasında xüsusi yeri olan media qurumudur.
Yaranmasının 4-cü ildönümündə təsisçi və baş redaktor Mikayıl Mirzəzadə başda olmaqla, media qurumunun bütün əməkdaşlarını təbrik edir, hər birinə şərəfli fəaliyyətlərində uğurlar arzulayır, peşəkar media dəyərlərini qoruyan azsaylı media strukturlarından biri olan Hokm.az-ın izləyicisi olmaqdan məmnunluğumu ifadə edirəm.
Deputat Ceyhun Məmmədov:
Son dövrlər ölkəmizdə də internet media resurslarının sayı sürətlə artır və gündəlik xəbər istehlakçılarının çoxu informasiyaları məhz onlayn mənbələr hesabına əldə edirlər. Hokm.az öz spesifik dəsti-xətti olan, gərgin rəqabət şəraitində fərqlənməyi bacaran bir media resursudur. Obyektiv, qərəzsiz və peşəkar xəbər portalı olaraq Hokm.az oxucuların maarifləməsi işinə də öz töfhəsini verməkdədir. Bu portalın daimi izləyicisi və davamlı müsahibi olaraq əsasən gənclərin zəhməti ilə ərsəyə gələn Hokm.az kollektivini təbrik edir, onlara fəaliyyətində daha böyük uğurlar və nailiyyətlər arzu edirəm!
Deputat Kamilə Əliyeva:
Son illər ərzində ölkəboyu həyata keçirilən islahatlar bütün hakimiyyət qanadlarında, icraedici, qanunverici, məhkəmə sistemlərində olduğu kimi, dördüncü hakimiyyət qolu hesab olunan media sahəsində də müşahidə olunur. Sağlamlaşan münasibətlər sistemi mətbuatda yeni resursların ərsəyə gəlməsinə gətirib çıxarıb. Çox sevindirici haldır ki, müasir dövrün çağırışlarına cavab verən bu portallar həm də cəmiyyətin obyektiv informasiya əldə etməsinə və maariflənməsinə rəvac verirlər. Hokm.az belə portallardandır və onun fəaliyyətini yaxından izləyirəm. Deyə bilərəm ki, kifayət qədər peşəkar fəaliyyət sistemi formalaşdıra biliblər. Portalın bütün kollektivini təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirəm!