“Azad olunan ərazilərdəki məscidlər bərpa olunduqdan sonra yenidən fəaliyyətə başlayacaq”.
İnterpress.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev Komitənin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda baş tutan konfransda deyib.
“Qələbənin əldə olunmasında bütün amillərdən danışa bilərik. Amma əsas amil dini icmasından asılı olmayaraq xalqın bir yumruq kimi mübarizəyə qatılması, Ali Baş Komandanın ətrafında birləşməsi idi. Xalqın belə birləşməsi elə tolerantlığın göstəricisidir. Dövlətimiz heç bir dinin, təriqətin nümayəndələrini sıxışdırmır. Dövlət tərəfindən bütün dini konfessiyalara maliyyə ayrılır. Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinə baxmayaraq, biz ölkəmizdə erməni kilsələrini qoruyub saxlayırıq. Lakin biz torpaqlarımızı işğaldan azad etdikdən sonra məscidlərimizin dağıldığını gördük. Bərpa işləri tamamlandıqdan sonra məscidlərimiz yenidən fəaliyyətə başlayacaq”, – Komitə rəsmisi bildirib.