Dollar bahalaşır: Manatı hansı təhlükə gözləyir?backend

Dollar bahalaşır: Manatı hansı təhlükə gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dollar dünya birjalarında digər valyutalar qarşısında qüvvətlənməkdə davam edir.

ABŞ Prezidenti Co Baydenin Jerom Povelin FED (Federal Ehtiyatlar Sistemi) sədri vəzifəsinə namizədliyini yenidən irəli sürüb.

Bununla da bazar gələn ilin iyun və noyabr aylarında faiz dərəcələrini 0.25 % artırılacağını qiymətləndirməyə başlayıb. Nəticədə dollar dünya birjalarında digər valyutalar qarşısında qüvvətlənməkdə davam edir.

Türkiyədə inflyasiyanın sürətlə artması, eləcə də dolların birjalarda qüvvətlənməsi fonunda Türkiyə lirəsi çərşənbə günü tarixi rekord səviyyəsini yeniləyib. 13.50 hədlərinə qədər bahalaşan USDTRY cütlüyü daha sonra 12.70 hədlərinə kimi geriləsə də, qlobal analizlər artım tendensiyasının davam edəcəyini proqnozlaşdırmağa imkan verir.

Qeyd edək ki, dünən Azərbaycan banklarında dolların alış və satış qiymətlərində cüzi artım müşahidə olunub.

Əvvəllər banklarda dolların alış qiyməti 1.68-1.69 olurdu. İndi isə bəzi banklarda dolların alış qiyməti 1.7000 olub. Dolların satış qiyməti isə 1.7020-1.7025 arasındadır.

Hələlik bu artım cüzi olduğu üçün hansısa təhlükədən xəbər verməyə bilər.

Bəs dollar digər valyutalar qarşısında sürətlə qüvvətlənməkdə davam edərsə, manatın məzənnəsində hansısa dəyişiklik mümkündürmü?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dünyada dolların bahalaşmasının Azərbaycan manatına birbaşa təsiri yoxdur:

“Dünyada dollar son dörd ildə ən yüksək həddə yaxınlaşır. Yəni dolların bahalaşması davam edir. Bu da FED-in gələn ilin əvvəllərində, hətta uçot dərəcəsini artırması ehtimalının yüksəlməsi ilə əlaqələndirirlər. Əvvəllər, yəni pandemiya yeni başlayanda belə bir ehtimal var idi ki, 2023-cü ilədək heç bir faiz artımı olmayacaq. İndi artıq 2022-ci ilin əvvəlində belə, faiz artımının olması ehtimalı kifayət qədər ciddi müzakirə obyektinə çevrilib. Bu da onunla əlaqəlidir ki, həm ABŞ-da, həm dünyanın başqa ölkələrində inflyasiya prosesləri sürətlənib. Amma Azərbaycana bunun birbaşa təsiri yoxdur.

Azərbaycanda valyuta məzənnəsinə təsir edən amil ancaq neft qiymətləridir. Çünki bizdə inzibati məzənnə sistemidir. Yəni bizdə məzənnə birjalarda müəyyənləşmir. Ona görə də neft qiymətləri ilə bağlı prosesləri izləmək lazımdır. İndiki neft qiymətlərində Azərbaycan manatına ciddi təzyiq, basqının olduğunu söyləmək mümkün deyil.

Neft qiymətləri hələlik kifayət qədər konfortlu bir zonadadır. Ona görə də dünyada dolların bahalaşması, ucuzlaşması Azərbaycana birbaşa təsir göstərmir. Neft qiymətləri ilə bağlı dəyişiklik olarsa, o zaman manatla da bağlı müəyyən prosesləri gözləmək mümkündür. İndiki halda belə bir təhlükəni görmürəm”.