Keçmiş qubernator koloniyada hərbi forma tikir, maaşının böyük hissəsi cəriməyə tutulur.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Kursk vilayətinin keçmiş qubernatoru Aleksey Smirnov cəzaçəkmə müəssisəsində dərzi kimi çalışır və ordu üçün forma tikir.
Onun aylıq maaşı təxminən 23 min rubl (təxminən 460 manat) olsa da, məbləğin 50 faizi cərimənin ödənilməsinə, təxminən 30 faizi isə koloniyada saxlanma xərclərinə tutulur. Nəticədə Smirnova ayda təxminən 5 min rubl (təxminən 100 manat) qalır.
Smirnov 400 milyon rubl (təxminən 7,9 milyon manat) məbləğində cərimə ilə birlikdə 14 il müddətinə ciddi rejimli koloniyada cəzalandırılıb. Bu məbləğin hazırkı gəlirlə ödənilməsi təxminən 3 min il çəkə bilər.
Keçmiş qubernator Kursk vilayətində hərbi obyektlərin tikintisi zamanı maliyyə maxinasiyalarında təqsirli bilinib.
İstintaqın versiyasına görə, Smirnov və onun keçmiş müavini Aleksey Dedov istehkamların tikintisi üzrə dövlət müqavilələrinə kömək etmək müqabilində 21 milyon rubldan (təxminən 418 min manat) çox rüşvət alıblar.
Smirnov məhkəmədə təqsirini tam etiraf edib və istintaqla sövdələşmə bağlayıb.
Onun keçmiş müavini Dedov da cəzaçəkmə müəssisəsində tikiş sexində çalışır.
Xuraman Etibarlı
İnterpress.az






