Əli Əhmədov: “Azərbaycanın dialoq ideyaları nəinki regionda, eləcə də beynəlxalq təşkilatlarda anlaşma ilə qarşılanır”backend

Əli Əhmədov: “Azərbaycanın dialoq ideyaları nəinki regionda, eləcə də beynəlxalq təşkilatlarda anlaşma ilə qarşılanır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın siyasi dialoq və davamlı sülh ideyaları nəinki regionda, eləcə də əksər beynəlxalq təşkilatlarda anlaşma ilə qarşılanmaqdadır”.

Bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Əli Əhmədovun rəsmi mətbuatda dərc olunan məqaləsində yer alıb.

“Prezident İlham Əliyevin Ermənistanın rəhbərliyi ilə müxtəlif formatlarda görüşlərinin keçirilməsi, Avropa Birliyinin belə görüşlərin keçirilməsinə həssaslıq nümayiş etdirməsi ölkəmizin mövqelərini möhkəmləndirən amillər hesab edilə bilər. Görünən odur ki, Azərbaycan Prezidentinin sülh təşəbbüsləri getdikcə daha geniş beynəlxalq dəstək qazanır, Cənubi Qafqazda etimad və əməkdaşlıq gündəliyinin alternativsizliyini qətiyyətlə təsdiqləyir”, – o qeyd edib.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanın postmüharibə dövründə sülh təşəbbüslərinin qəti qələbəsi əhəmiyyətli dərəcədə Ermənistanın konstruktiv mövqeyindən asılıdır: “Münaqişənin qaynar fazasının başa çatmasından iki il ötməsinə baxmayaraq Ermənistan tərəfin müxtəlif bəhanələrlə sərhədlərin delimitasiyası və demarkasiyasından, sülh müqaviləsinin imzalanmasından yayınması postmüharibə dövrünün bu gün üçün mövcud olan diqqəti çəkən digər reallığıdır”.

Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüsləri coğrafi anlamda təkcə Qafqaz bölgəsi ilə hüdudlanmır: “Bu gün Prezident İlham Əliyev dünya miqyasında tanınan, etimad göstərilən dövlət başçıları sırasında xüsusi yer tutur və onun beynəlxalq gündəliyin aktual problemləri ilə əlaqədar təşəbbüslərinin dəstəklənməsinə dair çoxsaylı nümunələr mövcuddur. Tam məsuliyyətlə qeyd oluna bilər ki, Azərbaycanın Cənubi Qafqazın sülh və əməkdaşlıq bölgəsinə çevrilməsi ilə əlaqədar çağırışları onun beynəlxalq əməkdaşlıq sahəsində təşəbbüslərini tamamlayır və yaşadığımız bölgədə etibarlı sülh və təhlükəsizliyin təmin olunmasına həlledici töhfə verəcək”.