Ermənistan Rusiya-Ukrayna münaqişəsinin tərəfinə çevrilir.
interpress.az xəbər verir ki, bunu “Parlaq Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan bildirib.
O, Berlində başlayan Ukraynanın bərpası üzrə konfransda Ermənistan xarici işlər nazirinin müavini səviyyəsində iştirakla bağlı “biz Rusiya-Ukrayna münaqişəsinin tərəfinə çevrilirik” deyib.
“Gürcüstan iştirak edir, Azərbaycan iştirak edir, gəlin biz də iştirak edək. Son vaxtlar Ermənistanda Ukraynanı “uğur hekayəsi” kimi təqdim etməyə cəhdlər edildiyini görürük.
Müxtəlif siyasi qüvvələr, ekspertlər buna çalışırlar. Kim soruşacaq: Ermənistanın Ukraynanın bərpası ilə bağlı konfransa nə dəxli var? Əgər biz hələ də Rusiya Federasiyasının bu regionda strateji tərəfdaşı olduğumuzu qəbul etsək necə olar?
Baş nazir Moskvaya gedib və xahiş edib ki, Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində qalmağa davam etsinlər.
Biz isə Rusiyanın düşməni olan Ukraynanın bərpası ilə bağlı konfransa gedirik. Beləliklə, biz Rusiya-Ukrayna münaqişəsinin tərəfinə çevrilirik”, – Marukyan vurğulayıb.
O sual verib ki, Ermənistan özünün bərpaya ehtiyacı var, Ukraynanı necə bərpa edəcək?
“Ölkəmizin bərpasında kimlər iştirak edəcək? Bizim 150 minlik problemimiz var və daşqın nəticəsində bizə 200 milyon dollar ziyan dəyib”, – o xatırladıb.
Marukyanın fikrincə, Ermənistan tərəfi belə addımlarla ölkə iqtisadiyyatına zərbə vura bilər.
“İnsanlar kreditlərlə yüklənir, sonra bank sistemi, daha sonra isə qalan sistemlər zərbə alacaq”, – Marukyan deyib.
Xuraman Etibarlı
İnterpress.az