General-mayor Yusif Axundzadə: “Koroğlu” uvertürasını Cıdır düzündə də ifa edəcəyik!” – FOTObackend

General-mayor Yusif Axundzadə: “Koroğlu” uvertürasını Cıdır düzündə də ifa edəcəyik!” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən hərbi musiqiçiyəm. Dövlətimə və xalqıma xidmət edirəm. Hərbi musiqi ordumuzun atributudur. Bu gün müstəqil, azad ölkəmizin ordusu Vətən torpaqlarını, onun sərhədlərini qoruyur. Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Orkestr Xidmətinə rəhbərlik etməkdən qürur duyuram. Taleyimi hərbə bağladığım üçün heç də peşman deyiləm!”

Bu fikirlər ömrünün 50 ilini hərbi musiqinin inkişafına, təkmilləşmə mərhələlərinin formalaşmasına, tarixinin öyrənilməsinə  həsr edən və bu günlərdə yubiley yaşını – 75 illiyini qeyd edən general-mayor Yusif Axundzadəyə məxsusdur.

Hərbi musiqi sahəsində bu gün də yeni-yeni axtarışlarda olan və yorulmadan çalışan Xalq artisti, professor,  general-mayor Yusif Axundzadə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Hərbi Orkestr Xidmətinə uzun illərdir ki, rəhbərlik edir. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan Yusif Axundzadə Silahlı Qüvvələrimizin Hərbi Orkestr Xidmətinin qurucusudur. Azərbaycan Ordusunda hərbi orkestr ənənəsinin yaradılması onun adı ilə bağlıdır. Tanınmış musiqiçi, qocaman maestro bu sahəyə öz böyük töhfələrini verib.

Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə Yusif Axundzadə “Şöhrət” ordeninə layiq görülüb.

Yusif Axundzadə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Nəfəs və zərb alətləri kafedrasının da müdiridir.

“Yarım əsrdir ki, hərb musiqisi yaradıcılığımın, fəaliyyətimin və xidmətimin əsasını təşkil edir. Daima çalışmışam ki, hərb musiqisinin yeniliklərini  fəaliyyətimə gətirim. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yenicə formalaşmaqda olan milli ordumuza daxil olmaqla, hərb musiqisi sahəsindəki yaradıcılığımda daha geniş imkanlar yarandı. Ordu quculuğunda hərb musiqisinin də inkişafı zəruri idi. Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev hər zaman Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Orkestr Xidmətinə böyük önəm və dəyər veriblər. Bu məqamlar ordunun orkestr xidmətinin inkişafında mühüm rol oynadı”, – deyə Y.Axundzadə “Azərbaycan Ordusu” qəzetinə müsahibəsində bildirib.

Azərbaycanın ordu quruculuğuna əvəzsiz töhfələr verən general-mayor Yusif Axundzadə hərbi musiqinin mahiyyətindən danışaraq, onun döyüş ənənələrində, qoşunların hərəkət istiqamətlərində önəmliliyini vurğulayıb:

“Döyüşdə zəfərin qazanılmasında hərbi marşların, musiqinin rolu böyükdür. Hərbi musiqi vətənpərvərlik ruhu, döyüş əzmi aşılayır. Orduda aparılan mənəvi-psixoloji  təbliğat işinin əsasında da  məhz hərbi marşlar, musiqilər dayanır.  Musiqi qoşunların döyüş gücünə təsirini artırır, vətənpərvərlik ruhunu coşdurur. Musiqi döyüşçülərin əhval-ruhiyyəsinə birbaşa təsir gücünə malikdir. Əsgərlərin qələbə əzmini artırır. Koroğlu uvertürasının, Cənginin sədaları altında düşmən üzərinə gedən əsgər döyüş meydanında gücə çevrilir, qələbəni yaxınlaşdırır. Necə ki, Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək səviyyədə mənəvi-psixoloji hazırlığı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında başlayan  44 günlük Vətən müharibəsinin Zəfərlə başa çatmasını təmin etdi. 30 ildən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Zəfər paradında  Əlahiddə  Nümunəvi Orkestrin çıxışları məni qürurlandırdı. Uzun illər yaradılmasına nail olduğum hərbi orkestr Bakıda Azadlıq meydanında Qələbə marşını səsləndirirdi. Böyük xoşbəxtlikdir. Ahıl yaşımda bu günü görmək, qələbəni qeyd etmək mənə də qismət oldu. Xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşərək ordumuza dəstək  verdi. Ordu xalqın dayağına çevrildi. Xalqımız inanırdı ki, torpaqlarımız işğaldan azad olunacaq. Çünki onun güclü ordusu və qüdrətli sərkərdəsi var”.

Xidmət rəisinin ən böyük arzusu mədəniyyət paytaxtımız Şuşada – Cıdır düzündə Əlahiddə Nümunəvi Orkestrin konsertini təşkil etmək, “Koroğlu” uvertürasını, Cəngi havasını, Qələbə marşını əsgər və zabitlərimiz qarşısında səsləndirməkdir.:

“Mənim təşkil etdiyim bütün tədbirlərin əksəriyyəti “Koroğlu” uvertürasının səsləndirilməsiylə başlayır. Bu, düşmən üzərində qələbəyə çağırış deməkdir. Bununla sanki düşmənə meydan oxuyursan. Bəli, Azərbaycan əsgəri, sözün əsl mənasında, düşmənə meydan oxudu. Zəfər qazandı. Azərbaycanın musiqi beşiyi sayılan Şuşamız azad edildi. Dörd il öncə əslən Şuşadan olan mədəniyyət  xadimləri və ziyalılarla birlikdə Cocuq Mərcanlıya səfərimiz zamanı da döyüş bölgəsində xidmət edən hərbi qulluqçularımız qarşısında birinci olaraq “Koroğlu” uvertürasını ifa etmişdik. Bu uvertüranı Cıdır düzündə də ifa edəcəyik!”

 

 

İnterpress.az