Bakı şəhərinin Səbail rayonunda “Torqovı” kimi tanınan əraziyə avtomobillərin girişinə şənbə, bazar və bayram günləri məhdudiyyət qoyulur. Lakin iddiaya görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları 10-15 manat rüşvət müqabilində avtomobillərin bu əraziyə girişinə icazə verir.
Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Murad İnterpress.az-ın suallarını cavablandırıb.
O bildirib ki, belə hallar varsa, AYNA-nın qaynar xəttinə müraciət etmək lazımdır.
“Belə faktlar varsa, birinci növbədə sürücülər özləri yaxşı olar ki, AYNA-nın 141 nömrəli qaynar xəttinə müraciət etsinlər. Eyni zamanda bu barədə polisə, Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat vermək olar. Artıq xeyli müddətdir bu məhdudiyyət həftə sonları tətbiq edilir.
Ümumiyyətlə, həmin küçələrə daimi olaraq nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması məsələsi müzakirə olunur. Bunun da hansısa formada həl yolları tapılacaq. Yalnız orada yaşayan insanların nəqliyyat vasitəsilə əraziyə girişinə icazə verilir. Yəqin ki, növbəti mərhələdə də məhdudiyyət tətbiq olunsa, yalnız orada yaşayan sakinlər nəzərə alınacaq. Digər hallarda isə qapanma olacaq.
Mən hesab edirəm ki, bu qapanmalar nəticəsində həm də ərazidə parklanma üçün imkanlar yaratmaq lazımdır. Heç olmasa yaxınlıqda parkinq yerləri olsun, sürücülər üçün əvçatan olsun.
Ümumi olaraq keçirilən sorğulardan belə başa düşürük ki, orada insanlar bundan çox razı qalıblar ki, bu qapanma onların rahat hərəkətinə imkan verir. Əvvəla, şəhər mərkəzidir və dünyanın bir çox ölkələrində də belə təcrübələr tətbiq olunur. Amma hər bir halda məhdudiyyət tətbiq olunursa, alternativ variantlar da yaradılmalıdır, imkanlar yaradılmalıdır”, – ekspert izah edib.
Xuraman Etibarlı
İnterpress.az