Gürcüstanda “Formula” telekanalı xarici maliyyələşməyə görə xəbərdarlıq alıb.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.
Gürcüstanın Rabitə Komissiyası müxalif yönümlü “Formula” və “Formula Multimedia” telekanallarına, həmçinin “Xalqın səsi jurnalistlər ittifaqı”, “Radio-TV Nori” və “Gamma sistemi” adlı radio yayımçılarına xarici maliyyələşmə ilə bağlı rəsmi xəbərdarlıq edib.
Məlumata görə, 2025-ci ilin ikinci rübündə “Formula Multimedia” Kiprdə qeydiyyatdan keçmiş hüquqi şəxsdən 1,3 milyon lari (təxminən 480 min dollar) maliyyə vəsaiti alıb.
Həmin dövrdə “Formula” telekanalı da “Formula Multimedia”dan 463 min lari (170,8 min dollar) məbləğində vəsait qəbul edib.
Komissiyanın bəyanatında bildirilir ki, bu maliyyələşmə Gürcüstanın “Yayım haqqında” qanununa edilmiş dəyişikliklər qüvvəyə mindikdən sonra həyata keçirildiyi üçün “Formula” və “Formula Multimedia”ya xəbərdarlıq verilib və onlara xarici mənbələrdən vəsait qəbul etməyi dayandırmaq tapşırılıb.
Xuraman Etibarlı
İnterpress.az