“İlin sonuna qədər Azərbaycan və Ermənistan liderləri görüşə bilər” – Proqnozbackend

“İlin sonuna qədər Azərbaycan və Ermənistan liderləri görüşə bilər” – Proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub. Görüşdən əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayımladı. Bəyanatda bildirilib ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı, eyni zamanda müttəfiqidir. Görüşün yekunlarına əsasən Azərbaycan və Rusiya arasında 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr planı imzalandı. Bundan başqa, Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş poçt markasının təqdimetmə mərasimi keçirildi. Görüşdən sonra keçirilən ortaq mətbuat konfransında Ceyhun Bayramov Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpasında Rusiya şirkətlərinin iştirakını alqışladığını bildirib.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu İnterpress.az-a açıqlamasında bildirib ki, Ceyhun Bayramovla Sergey Lavrovun müzakirə etdiyi əsas mövzu bölgədə sülhün yaradılması ətrafında olub:

“Lavrov Azərbaycanın bir sıra dövlət strukturlarının sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazidə ekoloji vəziyyəti araşdırmaq üçün sülhməramlı kontingentə müraciəti mövzusuna toxundu. Böyük ehtimalla bu mövzunun müzakirəsini Ceyhun Bayramov təklif edib. Çünki Azərbaycan Qarabağda həm yolu, həm də ermənilərin yaşadıqları məntəqələri nəzarətə götürmək üçün indidən çalışmalara başlamalı və bölgədəki rusiyalı hərbçilər buna mane olmamalıdırlar. Lavrovun bu məsələyə münasibəti belə oldu ki, Azərbaycanın dövlət strukturları Qarabağda Rusiyanın sülhməramlı kontingentinin iştirakı ilə iş aparır və guya rusiyalı hərbçilər bununla fəal məşğul olurlar. Bu ümumi cavabdır.

Həmçinin Sergey Lavrov tərəflərin sülh müqaviləsinin Alma-Ata bəyannaməsinə əsaslanmasına razı olmasının yekun işi yüngülləşdirəcəyini bildirdi. Ceyhun Bayramov buna cavab olaraq bu ilin sonuna kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü mərhələsinin keçirilməsinin mümkünlüyünü və BMT Nizamnaməsi və Alma-Ata bəyannaməsi irəli getmək üçün yaxşı əsas olduğunu bildirib. Bu o deməkdir ki, ilin sonuna qədər Azərbaycan və Ermənistan liderlərinin görüşmə ehtimalı böyükdür.

Rəsmi Bakı sülh sazişinin Alma-Ata bəyanatın əsasında müzakirəsinin əleyhinə deyil, sadəcə problem ondadır ki, Ermənistandakı siyasətçilər Alma-Ata bəyannaməsini fərqli konteksidən izah etməyə çalışır. Bəziləri Alma-Ata bəyannaməsinin “Dağlıq Qarabağın müstəqilliyinə” mane olmadığını iddia edirlər. Ona görə də rəsmi Bakı sülh sazişinin Alma-Ata bəyannaməsi ilə yanaşı, BMT Nizamnaməsi əsasında imzalanması gərəkliyini bildirir”.