İndiki çətin dövrdə bütün ictimai xadimlər, vəzifəli şəxslər dövlətə və xalqa dəstək olmalıdırlarbackend

İndiki çətin dövrdə bütün ictimai xadimlər, vəzifəli şəxslər dövlətə və xalqa dəstək olmalıdırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq aylardır ki, dünya ölkələri COVID-19 pandemiyası ilə ciddi mübarizə aparır. Koronavirusla mübarizədə nümunəvi ölkələrdən olan Azərbaycanda bu istiqamətdə tədbirlər davam etdirilir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə xüsusi karantin rejimi dövründə bəzi məhdudiyyətlər və qaydalar tətbiq olunur ki, həmin göstərişlərə hər kəs tərəfindən riayət olunmasına, zəruri işlərin həyata keçirilməsinə Daxili İşlər Nazirliyi (DİN) daim nəzarət edir. Son vaxtlar göstəricilər müsbətə doğru dəyişdiyindən yumşalma prosesinə başlanıldı ki, iqtisadiyyat pandemiyadan çox ziyan görməsin. Lakin kütləvi tədbirlərə və məclislərə qadağa hələ də qüvvədə qalmaqdadır. Görünən odur ki, qadağaların tətbiq olunmasında, müəyyən qanunların qəbulunda iştirak edən vəzifəli şəxslər qanunlarımıza əhəmiyyət vermirlər. Vəzifə üstünlük deyil, vəzifə müəyyən şəxslərə vətəndaşlarımıza xidmət üçün verilib.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat diqqətə çatdırıb ki, vətəndaş-dövlət əməkdaşlığına güclü ehtiyacın duyulduğu vaxtda bir sıra ziyalılar və vəzifəli şəxslər vəziyyətlə bağlı milli həmrəylik göstərə bilmədilər. Halbuki dövlətimizin başçısı koronavirus infeksiyasına yalnız milli əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkün olduğunu dəfələrlə qeyd edib.

“Hər bir hüquqi dövlətdə hər kəs qanun qarşısında bərabərdir. Demokratik və hüquqi dövlət olan Azərbaycanda vətəndaş cəmiyyətinin təməl prinsiplərindən biri də hamının qanun və ədalət qarşısında eyni hüquqa malik olmasıdır”, – deyən M.Cəfərovun sözlərinə görə, bərabərlik hüququ vətəndaş cəmiyyəti mövcud olan, hüquqi dövlət qurulan bütün ölkələrdə mahiyyətcə eyni mənaya malikdir. Bu hüquq insanların hansısa cəhətinə görə fərqləndirilməsini qəbul etmir. Hüquq bərabərliyinin insan hüquqlarının ali prinsipinə çevrilməsi obyektiv zərurətdən irəli gəlir. Bu prinsiplərə əməl edilməməsi isə hər zaman hüquq və azadlıqların pozulması üçün səbəb olur. Ayrı-seçkiliyin bütün formaları insan hüquqlarının pozulması deməkdir.

“Dövlətimiz insanların hüquq bərabərliyinin təmin olunması sahəsində əməli addımlar atır və biz bunun şahidi olduq. Belə çətin və həssas məqamda imtiyaz sahibləri öz əməlləri ilə xalqın yanında olduqlarını hiss etdirməlidirlər, insanlarda qanunların aliliyinə şübhə yaratmamalıdırlar. Bütün ictimai xadimlər, vəzifəli şəxslər dövlətə və xalqa dəstək olmalıdırlar. Özümüzü xalqdan ayrı salan əməllərə yol verməməliyik. Hər birimiz bu ölkənin vətəndaşıyıq və qanunlar qarşısında bərabərik”, – deyə Müşfiq Cəfərov fikirlərini tamamlayıb.

 

İnterpress.az