Gənclərin uğurlu karyera planı hazırlamaqlarına dəstək göstərilir!
Gənclər Həftəsində keçirilən düşərgələrdən biri də Öndə Gənclər (Öndə) İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilir.
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “İşıq” Gənclərin Karyera Planlaması düşərgəsi yekunlaşmaq üzrədir. Layihə Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində icra edilir. İşıq proqramı daxilində 5 il ərzində davam edəcək layihələr gənclərə müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlar qazandırmağı hədəfləyir.
İlk İşıq layihəsi Lənkəran gənclərinin iştirakı ilə Lənkəran Olimpiya İdman Kompleksində yaşayışlı təlim formatında hazırlanıb. Düşərgədə 14-24 yaş arası 20 gənc iştirak edir. Onlar hər gün 4 modul olmaqla, karyera planlaması, bazar araşdırması, CV hazırlanması, müsahibə texnikaları və iş axtarışı alətləri üzrə təlimlərdə nəzəri və praktiki bacarıqlarını inkişaf etdirirlər. Layihənin ikinci mərhələsi olaraq keçiriləcək vorkşoplarla gənclər öz fərdi karyera planlarını hazırlayacaqdır.
Öndənin əsas dəyərlərindən biri davamlılıqdır. Bu dəyər layihə bitdikdən sonra da gənclərlə əlaqənin saxlanılmasına və dəstək göstərilməsinə imkan yaradır. Layihədən sonra Öndə komandasının üzvləri iştirakçıların karyera planına uyğun olaraq irələliməsinə və çətinlikləri aşmasına mentor dəstəyi göstərəcək.
Layihə haqqında ətraflı məlumat və yenilikləri Öndənin (ondegencler) rəsmi sosial media hesablarından izləmək mümkündür.