İsrail-İran GƏRGİNLİYİ: “Artıq bu, oyun deyil, dünya ciddi sınaq qarşısındadır” – POLİTOLOQbackend

İsrail-İran GƏRGİNLİYİ: “Artıq bu, oyun deyil, dünya ciddi sınaq qarşısındadır” – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər baş verən hadisələr həqiqətən İsraillə İran arasında çox ciddi hadisələrin baş verməsinə doğru gedir. Bu yalnız İsraillə İran arasında müharibə olmayacaq. Bu, Yaxın Şərqdə müharibə olacaq. Hətta bəzən bu müharibəni III Dünya Müharibəsinin başlanğıcı kimi də qiymətləndirirlər. Buna görə də artıq Yaxın Şərqdə baş verən hadisələrə yüngül hadisə, yaxud oyun və s. kimi baxmaqdan keçib. Artıq dünya ciddi sınaq qarşısındadır.

Bu fikirləri İsraillə İran arasındakı gərginlik fonunda müharibənin olma ehtimalını şərh edən politoloq Əlimusa İbrahimov interpress.az-a açıqlamasında səsləndirib.

Politoloq bildirib ki, İranla İsrail arasında müharibə qaçınılmazdır və hətta III Dünya Müharibəsinə də gətirib çıxara bilər.

“Son günlər baş verən hadisələr həqiqətən İsraillə İran arasında çox ciddi hadisələrin baş verməsinə doğru gedir. Bu yalnız İsraillə İran arasında müharibə olmayacaq. Bu, Yaxın Şərqdə müharibə olacaq. Hətta bəzən bu müharibəni III Dünya Müharibəsinin başlanğıcı kimi də qiymətləndirirlər. Buna görə də artıq Yaxın Şərqdə baş verən hadisələrə yüngül hadisə, yaxud oyun və s. kimi baxmaqdan keçib. Artıq dünya ciddi sınaq qarşısındadır.

Məhz buna görə də ABŞ və onun ətrafında olan NATO-nun Avropa üzrə müttəfiqləri bu mühüribənin qarşısını almağa cəhd edirlər. Amma çox təəssüf ki, buna hələ ki nail ola bilməyiblər. Yəni onlar, başda BMT olmaqla, ilk növbədə Qəzzada baş verən hadisələrin – İsrailin Fələstinə hücumunun, dinc əhalinin qırılmasının, əziyyət çəkməsinin, şəhərlərin, kəndlərin dağılmasının qarşısını almağa çalışırlar, lakin buna nail ola bilmirlər.

Çünki ABŞ-nin ciddi səyinə, tövsiyəsinə, xahişinə baxmayaraq İsrail müharibəni dayandırmaq, sülh danışıqlarına getmək istəmir, HƏMAS-ı və ümumiyyətlə Fələstini sonadək ləğv etdikdən sonra müharibəni dayandırmaq istəyir.

İsrailin son hərəkətlərinə, xüsusən də HƏMAS liderinin Tehranda öldürülməsinə İran cavab verməyə məcburdur. Ona görə ki, İran bu dəfə İsrailə cavab verməsə, İsrail bir az da irəli gedəcək, sonra isə hətta İranın özünün rəhbərlərinə qarşı bu cür hücumlar edə bilər.

ABŞ regionda baş verən hadisələrdən, xüsusən də İsrail-İran qarşıdurmasında ciddi şəkildə narahatdır. Vaşinqton başa düşür ki, İsrail-İran müharibəsi baş verərsə, Amerika istər-istəməz müdaxilə etməyə məcbur olacaq. Çünki bu müharibə baş verərsə, İsrailin yer üzündən silinməsi ilə nəticələnə bilər və ABŞ bunda maraqlı deyil.

1948-ci ildə İsrail dövləti yaranandan ABŞ və Böyük Britaniya onu qorumağa söz verib və bu öhdəliyi bu gün də yerinə yetirməyə çalışırlar.
Deməli, İsrailə qarşı müharibə başladığı təqdirdə avtomatik olaraq İrana qarşı koalisiya qüvvələrinin birgə hücumu həyata keçiriləcək. Bu da Yaxın Şərqdə uzunmüddətli müharibəyə, hətta 3-cü Dünya Müharibəsinə gətirib çıxara bilər. Və bunun nəticələri həm dünya dövlətləri üçün, həm də Yaxın Şərq üçün heç də yaxşı olmayacaq”, – siyasi şərhçi vurğulayıb.

Ə.İbrahimov qeyd edib ki, İsrail-İran müharibəsi o qədər geniş və şiddətli ola bilər ki, hətta Ukrayna- Rusiya müharibəsi kölgədə qalar.

“Bu müharibə olarsa, Rusiya-Ukrayna müharibəsi kölgədə qalar və ABŞ və onun müttəfiqləri Ukraynaya yardım üçün istənilən vəsaiti ayıra bilməzlər.

Bütün bunları nəzərə alaraq ABŞ və müttəfiqləri İsrail-İran müharibəsinin başlanmasının əleyhinədir və buna çalışırlar. Lakin İsraili bu addımlardan çəkindirə bilmirlər. Belə olan surətdə İranı danışıqlara cəlb etmək istəyirlər ki, İran İsraillə münasibətdə bir az təvazökar olsun, yəni İranın İsrailə cavabı III Dünya Müharibəsinə gətirib çıxarmasın.

Təbii ki, İran İsrailə cavab verəcək, müharibə olacaq. Sadəcə bu müharibənin ölçüsü maraqlıdır. Miqyası nə qədər olacaq, III Dünya Müharibəsinə gətirib çıxaracaqmı – bunlar sual altındadır. İstənilən halda ABŞ İsraili İrana qarşı düşmənçilik addımları atmaqdan çəkindirə bilmədi. İndi dünya çox ciddi fəlakətlərin baş verə biləcəyi hadisələri gözləmə mərhələsindədir”, – politoloq fikrini tamamlayıb.

Xuraman Etibarlı

İnterpress.az