Gürcüstanda saxta viski istehsal edən gizli anbar aşkarlanıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Gürcüstanda hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən operativ əməliyyat nəticəsində saxta spirtli içkilərin istehsal edildiyi gizli anbar aşkarlanaraq fəaliyyəti dayandırılıb.
Əməliyyat zamanı məşhur “Jack Daniel’s” brendi adı altında saxta viski hazırlayan və satan iki Gürcüstan vətəndaşı saxlanılıb.
Polis əməkdaşları axtarış zamanı anbardan ümumi dəyəri 22,4 min lari və ya 8,5 min dollar (təxminən 14 450 manat) olan 300 şüşə saxta spirtli içki aşkarlayaraq müsadirə ediblər.
Saxta məhsullar saxlanılan şəxslərdən birinə məxsus olan anbarda gizlədilərək saxlanılırmış.
Faktla bağlı qeyri-qanuni sahibkarlıq və saxta aksizli malların dövriyyəsi maddələri ilə cinayət işi başlanılıb.
Qanunsuz fəaliyyətlə məşğul olan hər iki şəxsi qanunvericiliyə uyğun olaraq 3 ildən 5 ilə qədər həbs cəzası gözləyir.

Xuraman Etibarlı
İnterpress.аz






