Vaşinqton görüşündə Cənubi Qafqazda diplomatik mənzərəni dəyişdirəcək strateji qərarlar qəbul olundu. Vaşinqton görüşü bölgədə iqtisadi inteqrasiyanın möhkəmləndirilməsinə xidmət edəcək Zəngəzur dəhlizinin açılmasına, həmçinin Naxçıvanın blokadadan çıxaraq inkişaf etməsinə gətirib çıxaracaq Bəyannamə imzalandı.
Rusiya isə dayanmır, Azərbaycanı təhdid edir, hətta Naxçıvana nəzarətin İrana keçməsinə kömək edəcəyini dolayısı yolla çatdırır.
Balaca bir Ukrayna ilə 3-4 ildir bacarmayan Rusiyanın yeni bir cəbhə açmağa gücü varmı və bu təhdidlərin reallaşması ehtimalı varmı?
Mövzu ilə bağlı İnterpress.az-ın suallarını konfliktoloq Elman Vəliyev cavablandırıb.
O bildirib ki, Rusiyanın Azərbaycana və Ermənistana təzyiqləri artıracağı bəlli idi.
“Prezident İlham Əliyevin ABŞ-yə bu səfəri mühüm siyasi-iqtisadi əhəmiyyətilə yanaşı, bəzi ölkələrin, xüsusən də Rusiyanın siyasi təzyiq, sanksiya və “SVO” hədələri, qarayaxma kampaniyalarının artmasına səbəb oldu.
Əvvəldən hər iki ölkə lideri bilirdi ki, Rusiya Azərbaycana və Ermənistana təzyiqləri artıracaq.
Rusiyanın Azərbaycana qarşı hazırkı təhdidləri ilə bağlı Kremlin yəqin ki, ayrıca planı var. Yəni belə bir plan qursa, İranı təhrik edərək Azərbaycan tərəfinə ziyanlar vurmağa çalışa bilər.
Azərbaycana qarşı birbaşa cəbhə açmağa cürəti çatmasa da, İrandan istifadə edərək proksi müharibə apa bilər.
Trampla görüşdən sonra konkret deyə bilərik ki, Putin hansı addımı atacaq. Hələ ki ehtimallar var”, – konfliktoloq bildirib.
Xuraman Etibarlı
İnterpress.az