“Makron Paşinyanın bu hərəkətini unutmayacaq” – Şərhbackend

“Makron Paşinyanın bu hərəkətini unutmayacaq” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pekres və Fransa senatında olan digər ermənipərəstlərin münaqişəni yenidən alovlandırmaq, revanşizm, separatçılığı dəstəkləmək və ona dini don geyindirmək cəhdləri təhlükəlidir”.

Bu sözləri Fransanın İle-de-Frans regionunun rəhbəri Respublikaçılar Partiyasından prezident seçkilərinə namizəd Valeri Pekresın Ermənistana, daha sonra isə Qarabağa qanunsuz səfərini dəyərləndirən siyasi şərhçi Turan Rzayev İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, prezidentliyə namizəd də olsa Valeri Pekres Azərbaycanda arzuedilməz şəxslər siyahısına daxil edilməlidir:

“Valeri Pekresin Ermənistana və xüsusilə Qarabağa səfəri siyasi avantüra və siyasi popilizmdir. Xanım namizəd bununla həm də Fransa daxili siyasətinin eybəcərliyini və bütün mənəvi-etik dəyərlərdən kənar olduğunu göstərir. Fransa siyasətçiləri istər ölkə daxili, istərsə də xarici siyasət məsələlərində tarixən ermənilərdən istifadə ediblər. Hətta hazırda vəziyyət elə bir həddə çatıb ki, prezidentliyə namizədin qələbə şansı erməni lobbisi və diasporunun dəstəyi ilə ölçülür. Bu mənada Pekres də sələflərindən fərqli davranmır. Xanım namizəd Qarabağa səfər etmək istəyirdisə, hər halda bunu rəsmi Bakıya bildirməli idi. Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisidir. Valeri Pekres və digər namizədlər ilk növbədə bunu anlamalıdır ki, başda ölkələri Fransa olmaqla, bütün dünya Qarabağı Azərbaycanın ərazisi olaraq tanıyır. Bu mənada onun Qarabağa səfəri nə məqsədlə olur olsun, ölkəsinin siyasi iradəsini də pozmaq deməkdir”.

Turan Rzayev qeyd edib ki, Paşinyan Pekresin Ermənistana səfər etməsinə şərait yaratmaqla özünün ən ciddi dəstəkləyicisi olan hazırkı prezident Emmanuel Makrona əsl münasibətini göstərdi:

“Məsələ ondadır ki, Paşinyan Makronun da seçkilərə qatılacağını və ikinci dəfə prezident seçilmək istədiyini yaxşı bilir. Digər tərəfdən, Pekres hazırda Makronun ən ciddi rəqibi hesab edilir. Makronun ən ciddi rəqibinin dövlət protokol atributları ilə qəbul olunması faktiki olaraq Nikol Paşinyanın Emmanuel Makrona xəyanət etməsinə dəlalət edir. Makron Paşinyana görə Azərbaycan ilə ən kəskin mübahisəyə çıxan və bizə əsassız ittihamlar irəli sürən Avropa lideri idi. Ümumiyyətlə, bu şəxs Fransa tarixində ermənilərə bu qədər açıq dəstək verən tək şəxsdir. Hesab edirəm ki, Makron Paşinyanın bu hərəkətini unutmayacaq və ikinci dəfə prezident seçilsə, bu, Fransa-Ermənistan münasibətlərinə yansıyacaq”.

Gülşən