Azərbaycan yazıçısı Nərminə Məmmədzadə ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Olmayan Bir Müsahibə …” adlı silsilə materiallar təqdim edir.
Bu material Samir Bayramova həsr edilmişdir…
- Salam, Samir.
- Salam.
- Anarla danışmışam. Sizin ailəniz Kəlbəcərdəndir, amma sonradan Göygölə köçmüsünüz.
- Bəli, amma artıq qaçqın deyilik (gülür).
- Samir, necə oldu sən müharibəyə getdin? Eşitdiyimə görə qardaşların Rusiyada yaşayırlar və səni də oraya çağırırdılar.
- Hə, var elə məsələ, amma oralar mənlik deyil. Mən uşaqlıqdan demişəm ki, Kəlbəcəri mən azad edəcəyəm…
- Elə də alındı, axı bu qələbə bizim qəhraman ordumuzun sayəsindədir.
- Düz deyirsiniz, amma təəsüf Kəlbəcəri görmədim, Murovdağda qaldım…
- Samir, evliliyi fikirləşmirdin?
- Yox (gülür), vaxtım yox idi, məndən gabaq böyük qardaşlarım var.
- Bəs sevgi?
- Ancaq vətənə (gülümsəyir). Başqa sevgi qismət olmadı. Ürəyimi vətənə vermişdim.
- Amma sənin social şəbəkələrdə paylaşmaların sevgidəndir… Qarşılıqsız sevgidən.
- Çünki əsl sevgi garşılıqlı olmur. Onu da deyim ki, hər kəs bu həyatda öz yolunu seçir. Mənim yolum Qarabağda bitdi (gülümsəyir).
- Samir, hərbçilikdən başqa marağlandığın şeylər var idi?
- Maşın xəstəsi idim (gülür). Çox xoşuma gəlirdi. Atam da sürücü olub deyə, boş vaxtımı elə şeylərə ayırmışam.
- Oğlanların ən sevimli məşğuliyyətlərindən biri…
- Oğlan üşağını cəlb edən silah və ya maşın olur. Mən özümü həmişə hərbçi görmüşəm, babama söz vermişdım ki, ailəm qaçqın olmayacaq. İndi də onlar inşAllah oralara mənsiz köçəcəklər…
- Samir, deyəcək sözlərin var?
- Əslində var… İstəyirəm ki, Kəlbəcər qabaqkından da gözəl olsun, bizimkilər ora köçsün və…
- Nə, Samir?
- Orada olanda qoy məni bərkdən çağırsınlar. Mən eşidəcəyəm…
İnterpress.az