Paşinyan Qarabağın statusu məsələsində səmimidir, yoxsa?.. – Politoloqbackend

Paşinyan Qarabağın statusu məsələsində səmimidir, yoxsa?.. – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ola bilər Paşinyan bu sözləri deməklə beynindən bölgəni Rusiyanın nəzarətinə vermək istəyi keçsin. Bu Moskvanın meylindən keçə bilər. Amma buna imkan verilməyəcək”.

Bu sözləri Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Ermənistan baş naziri Nikol Paşinyanın “Qarabağın statusu Azərbaycan Konstitusiyası çərçivəsində dəqiqləşməlidir” fikrinin arxasında hansı məqsədlərin gizlənə biləcəyinə münasibət bildirərkən deyib:

“Amma Rusiya bölgəyə necə nəzarət edəcək? Azərbaycan torpağında gəlib anklav quracaq? Bu dəqiqə Rusiyanın özünün başı dərddədir. Az qala bütün dünya ilə qarşıdurma şəraitindədir. Başqa bir tərəfdən, artıq Azərbaycan dövləti o dövlət deyil ki, gəlib onun əlindən hansısa ərazini qoparıb almaq mümkün olsun. Bu, Moskvanın meylindən keçsə də, ona nail ola bilməyəcək. Sülhməramlılar hüquqi əsas olmadan Qarabağda oturub min oyundan çıxırlar. Buna bir gün “yox” deyib, sərt üzümüzü göstərəcəyik”.

Ekspertin fikrincə, Paşinyanın söylədikləri ermənilərin Qarabağ məsələsilə vidalaşmaları zamanının çatdığının göstəricisidir:

“İlk dəfədir ki, erməni siyasətçilərindən biri həqiqəti söyləməyə, beynəlxalq hüququn tələblərinə uyğun danışmağa başlayıb. Paşinyan həmçinin onu da vurğulayıb ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Əks halda bölgədə sülh olmayacaq. Paşinyan göründüyü kimi, realist danışır. Qərbyönümlü, millətçilikdən uzaq demokratik təmayüllərə meyillənən adamdır. Paşinyanın bu açıqlamasını Ermənistan cəmiyyətində yerli ermənilərin Qarabağ ermənilərinə qarşı olan mənfi münasibətinin təzahüri və bölgədə münasibətləri yaxşılaşdırmağın tərəfdarı olan insanların arzularının ifadəsi kimi dəyərləndirmək olar. Bir gün bu həqiqətlər deyilməli idi. Fikrimcə, bundan sonra da həmin həqiqətlər deyilməkdə davam edəcək. Bölgədə vəziyyəti xilas etməyin yolu yalnız bundan keçir”.    /qaynarinfo.az/