Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp cümə günü, avqustun 15-də Alyaskada görüşəcəklər. Görüşün Alyaskanın ən böyük şəhəri Ankoricdə saat 23:30-da başlaması nəzərdə tutulub. Sammitin əsas müzakirə mövzusu Ukraynada münaqişə və əsas məqsəd atəşkəs razılaşmasına nail olmaqdır.
Görüşdən gözləntiləri ilə bağlı fikirlərini İnterpress.az-la bölüşən politoloq Tural İsmayılov bildirib ki, bu sammit gələcək üçtərəfli sammitin açarı hesab oluna bilər.
“Trampın açıqlaması göstərir ki, ABŞ hazırkı görüşə yalnız formal başlanğıc kimi baxmır, onu gələcək üçtərəfli sammitin açarı hesab edir. Prezidentin “istədiyim cavablar” ifadəsi diplomatik ritorikadan çox konkret güzəştlər və öhdəliklər gözləntisinin mesajıdır.
Bu, ilk görüşü uğurla keçirmək üçün Putinə bir növ şərtli mandat təqdim edir. Əgər Kreml mövqeyini yumşaltsa, Zelenskinin də iştirak edəcəyi format mümkün olacaq. Lakin Rusiya sərt xəttini davam etdirərsə, prosesin dayanacağı ehtimalı yüksəkdir.
Tramp bu yanaşma ilə həm Putin, həm də Zelenski üzərində psixoloji təzyiq qurur. ABŞ tərəfi ilk mərhələdə Ukraynadakı hərbi gərginliyin azaldılması, mülki əhalinin qorunması və müəyyən iqtisadi məhdudiyyətlərin müzakirəsini gündəmə gətirə bilər”, – siyasi şərhçi vurğulayıb.
T.İsmayılov Vaşinqtonun bu görüşdən gözləntiləri barədə də fikirlərini səsləndirib.
“Vaşinqtonun gözləntiləri arasında Rusiyanın strateji mövqelərindən müəyyən qədər geri çəkilməsi də var. Bu, Qərbin daha geniş sanksiya yumşalması qarşılığında istədiyi əsas güzəşt ola bilər.
Putin üçün bu görüş ABŞ ilə birbaşa dialoq imkanını bərpa etmək baxımından əhəmiyyətlidir. Zelenski isə ABŞ-nin danışıqlarda aktiv mövqeyini Kiyevin siyasi legitimliyinin güclənməsi kimi qiymətləndirəcək. Buna görə də hər iki tərəf Trampın “ikinci görüş” şərtini diqqətlə izləyir.
Əsas gözləntilərdən biri, tərəflərin gələcəkdə atəşkəs və siyasi həll mexanizmlərinin təməl prinsiplərində razılaşmasıdır. Lakin Krımın statusu və Donbasdakı real nəzarət məsələləri hələ də ciddi əngəl olaraq qalır.
Trampın “məhsuldar” adlandırdığı nəticə, əslində, tərəflərin qarşılıqlı güzəşt paketinə razılaşmasıdır. Bu gün əldə ediləcək nəticələr, ikinci görüşün reallığını müəyyənləşdirəcək. Nəticədə, bugünkü görüş həm diplomatik tempin qorunması, həm də Ukrayna münaqişəsinin siyasi istiqamətə yönəldilməsi baxımından həlledici mərhələdir”, – politoloq fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az