“Qazilərin qapı-qapı düşüb gəzmələrinə son qoyulmalıdır” – Partiya sədri qurumları tənqid etdibackend

“Qazilərin qapı-qapı düşüb gəzmələrinə son qoyulmalıdır” – Partiya sədri qurumları tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu problemləri çevik və effektiv surətdə həll edəcək gücə və səlahiyyətlərə malik ayrıca dövlət qurumu yaradılmalıdır”.

Bu sözləri qazi Elvin Cəfərovun özünü yandıraraq intihar etməsinə münasibət bildirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov İnterpress.az-a açıqlamasında deyib.

Partiya sədri bildirib ki, Sabirabad icra hakimiyyətinin başçısı və əlaqədar şöbənin əməkdaşları bu qazimizi özünü öldürəcək həddə gətirib çıxaran problemləri vaxtında aradan qaldırmalıydılar:

“Əfsuslar olsun ki, bəzi dövlət qurumları, xüsusən də rayon icra hakimiyyətləri qazilərin, şəhid ailələrinin problemlərinə başdansovdu yanaşır və bununla da bu həssas təbəqəni sanki məqsədyönlü şəkildə narazı qüvvəyə çevirir, dövlətlə onların arasında uçurum yaradırlar. Artıq 36 qazimiz öz həyatına qəsd edib. Bu, cəmiyyətə və dövlətə ağır zərbədir. Çox təəssüf ki, qazilərin, şəhid ailələrinin narazılığından öz çirkin məqsədləri üçün istifadə etməyə çalışan ictimai-siyasi qüvvələrin, təsir agentlərinin, sensasiya həvəskarlarının ortaya çıxdığını görürük. Qaziləri siyasi maraqlar üçün alətə çevirmək olmaz. Baş vermiş intihar faciəsindən siyasi xal qazanmaq üçün istifadə etmək cəhdləri mənəvi-siyasi dəyərlərimizə ziddir. Qazi intiharlarının bundan sonra təkrarlanmaması üçün indiyə qədər baş vermiş bütün intihar faktlarının səbəbləri ciddi surətdə araşdırılmalı, digər qazilərimizin eyni səbəblərlə üzləşməsinin qarşısı alınmalı, qazilərin intihar həddinə çatdırılmasında günahı olan vəzifəli şəxslər qanunun bütün sərtliyi ilə cəzalandırılmalıdır.

Eyni zamanda müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin problemlərinin həlli ilə məşğul olmaq səlahiyyəti rayon icra hakimiyyətlərindən və digər qurumlardan alınmalıdır. Bu sahədə pərakəndəlilik aradan qaldırılmalıdır. Bu problemləri çevik və effektiv surətdə həll edəcək gücə və səlahiyyətlərə malik ayrıca dövlət qurumu yaradılmalıdır. Sistemlilik, mütəşəkkillik və səmərəlilik təmin edilməlidir. Qazilərin bu və ya digər sənədlərin toplanması üçün qapı-qapı düşüb gəzmələrinə və süründürməçilik halları ilə üzləşmələrinə son qoyulmalıdır. Bir sözlə, hamımız qazilərimizə qucaq açmalıyıq. Qazilər həm dövlət qurumlarının, həm də cəmiyyətin qayğısını, diqqətini hiss etdikdə intihara cəhd meylləri də aradan qalxacaq. Biz 44 günlük Vətən müharibəsində düşmənə və dünyaya nümayiş etdirdiyimiz milli birliyi, həmrəyliyi bundan sonra da qoruyub saxlamağı bacarmalıyıq”.