Son illər ərzində Azərbaycanda uğurla aparılan “Yaşıl Enerji” siyasəti artıq sənaye müəssisələri və hətta fərdi evlərdə də tətbiq edilməyə başlanılıb. Belə ki, artıq hər bir elektrik enerjisi istehlakçısı bərpa olunan enerji mənbələri (BOEM) hesabına 150 kVt gücünə qədər şəxsi elektrik stansiyası quraraq aktiv istehlakçıya çevrilə bilər.
Belə imkan Azərbaycan Nazirlər Kabinetinin 2023-cü il 28 avqust tarixli 346 saylı qərarına əsasən mümkündür. Bununla da fəaliyyət növündən asılı olmayaraq hər bir müəssisə və fərdi ev sahibləri quraşdırdığı BOEM stansiyasından aldığı elektrik enerjisi hesabına həm daxili tələbatını ödəyə bilər, həm də artıq istehsal etdiyi elektrik enerjisini dövlətə satmaqla əlavə gəlir əldə edə bilərlər. Ölkə ərazisində BOEM-lərdən istifadənin genişləndirilməsi, Azərbaycan dövlətinin apardığı “Yaşıl Enerji” siyasəti və bu il Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının (COP29) iqlim dəyişikliklərinin tənzimlənməsi istiqamətində atılan bir addımdır. Bu gün Qəbələ rayonunda Savalan ərazisində istifadəyə verilən hər birinin gücü 150 kVt olmaqla 3 ədəd günəş elektrik stansiyasının təqdimatı keçirilib.
Stansiyanın tikintisi Azərbaycanın “SEES” MMC şirkəti tərəfindən yerinə yetirilib. Şirkət ölkə ərazisində həm sənaye müəssisələrində, həm də fərdi evlərdə günəş elektrik stansiyalarının quraşdırılması üzrə ixtisaslaşmış və son bir ildə bu cür layihələrin həyata keçirilməsində sifarişçilər üçün etibarlı tərəfdaşa çevrilib.
Təqdimatda çıxış edən “SEES” MMC-nin baş direktoru Vüqar Şahmuradovun sözlərinə görə, quraşdırılan avadanlıqlar dünya üzrə ən aparıcı istehsalçılardan alınır:
“Günəş panellərinə zavod tərəfindən 15 il, panellərin istehsal gücünə isə 30 il zəmanət verilir. Azərbaycanda bu günə olan mövcud tariflər üzrə hesablamalara əsasən quraşdırılacaq hər bir günəş elektrik stansiyası sərf ediləcək vəsaiti 3-5 il ərzində geri ödəyəcək və növbəti illərdə stansiya müəssisəyə və ya fərdi ev sahiblərinə əlavə qazanc mənbəyi kimi işləyəcəkdir. Nazirlər Kabinetinin 28.09.2023-cü il tarixli 346 saylı qərarı Azərbaycan vətəndaşları üçün əlavə gəlir imkanları ilə yanaşı, ekologiyanın yaxşılaşdırılması və paylayıcı şəbəkənin artıq yüklənməsinin qarşısını alır.
Belə ki, böyük günəş elektrik stansiyalarından fərqli olaraq paylanmış şəkildə qurulan kiçik stansiyalar yerli transformator məntəqələri vasitəsilə paylanılır və paylayıcı şəbəkədən ötürüləcək gücləri qismən əvəzləyir. Ekoloji göstəricilərə gəldikdə isə Savalanda qurduğumuz ümumi gücü 450 kVt olan günəş elektrik stansiyaları 1 ay ərzində 55 000 kVt/saat “yaşıl” elektrik enerjisi istehsal edib ki, bu da atmosferə atılan 45 ton karbon emissiyasının azaldılması və ya 3 mindən çox ağacın əkilməsi deməkdir”.