Rekord qıran qızıl qiymətləri ABŞ-da yeni “qızıl hərisliyi”nə səbəb olub
İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Qızılın qiymətinin rekord səviyyəyə qalxması minlərlə amerikalını ofis kreslolarını və noutbuklarını qırağa qoyaraq külüng və vedrə götürüb qızıl axtarışına çıxmağa sövq edib.
Nəşr yazır ki, bu “yeni qızıl hərisliyi” getdikcə daha geniş vüsət alır – insanları həm qazanc ümidi, həm də xəzinə axtarışının həyəcanı cəlb edir.
Hazırda qızılın bir unsiyası (31 qram) 4000 dollara çatıb. Nəşrin qeyd etdiyinə görə, qızıl tapmaq şansı az olsa da, uğur qazanan biri həyatını dəyişəcək məbləğ əldə edə bilər.
Artan qiymətlər fonunda bir çox amerikalılar maliyyə çətinlikləri yaşayır, bu da onları qızıl axtarışına təşviq edir.
Bəziləri hətta evdə, qarajlarında “qızıl yumaqla” məşğul olur. Onlar qızıl yataqlarından gətirilmiş torpaq vedrələrini 55 dollara alır.
Qəzetin məlumatına görə, belə torpağın satışı ötən illə müqayisədə 50 faiz artıb.
Xuraman Etibarlı
İnterpress.az






