Media orqanları Rusiyanın Paşinyana qarşı iqtisadiyyat və xarici siyasətlə bağlı tələblərindən xəbər tutub.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin iddiasına görə, Rusiya Ermənistanın baş naziri Nikol Paşinyandan Rusiya kapitalına, o cümlədən “Rusiya Dəmir Yolları” və “Qazprom”un maraqlarına qarşı addımlardan imtina etməyi tələb edib.
Məlumata əsasən, Moskvanın digər tələbləri arasında Rusiyanın 102-ci hərbi bazasına toxunmamaq, Avropa İttifaqı ilə yaxınlaşma kursuna yenidən baxmaq, rusiyayönlü siyasətçilərin təqibini dayandırmaq və Moskva üçün məqbul hesab edilən şəxsi baş nazir müavini təyin etmək də yer alır.
“Hraparak” bu iddiaları Ermənistanın Rusiyadan qaz tədarükünün noyabrın 1-dən dayandırıla biləcəyi barədə daha əvvəl yayılan məlumatlarla əlaqələndirir.
Nəşr Paşinyanın “Rosatom” və “Rusiya Dəmir Yolları” rəhbərliyi ilə son təmaslarını Moskva qarşısında mümkün güzəştlərin əlaməti kimi qiymətləndirir.
Rusiyanın bu tələbləri irəli sürdüyü barədə məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Xuraman Etibarlı
İnterpress.az






