Yakutskda deputatın həyat yoldaşının adı küçəyə verilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Yakutskda DSK “Pobeda” ərazisində “Viktoriya” adlı küçənin olması deputatın həyat yoldaşının adı ilə bağlı müzakirələrə səbəb olub.
Belə ki, “Viktoriya” deputat Vladimir Fyodorovun həyat yoldaşının adıdır.
Küçənin adının onun şəhər məclisinə deputat seçildiyi dövrdə ortaya çıxdığı və ailənin həmin kooperativdə kottecinin olduğu bildirilir.
Deputat və həyat yoldaşının mebel salonu, investisiya şirkəti və digər bizneslərini də “Viktoriya” brendi altında qurduğu qeyd olunur.
İctimai fəallar bunun inzibati resursdan istifadə ola biləcəyini iddia edərək məsələ ilə bağlı parlamentin etika komissiyasına müraciət etməyi planlaşdırdıqlarını bildiriblər.
Vladimir Fyodorov isə küçələrə ad verməyin onun səlahiyyətində olmadığını deyib. Onun sözlərinə görə, “Viktoriya” adı yaxınlıqdakı park və Pobeda küçəsi ilə əlaqədardır.
Deputat həmçinin həmin ərazidə ailəsinə məxsus kottecin olmadığını, oğlunun təxminən 15 il əvvəl satdığı bağ evinin olduğunu bildirib.
Fyodorov yaxınlarına münasibətinin insanlar tərəfindən hiss edilməsindən qürur duyduğunu deyib və belə bir imkanının olacağı təqdirdə sevdiyi insanın şərəfinə şəhərlərə də ad verəcəyini bildirib.

Xuraman Etibarlı
İnterpress.az






