Ədliyyə naziri Rati Breqadze ölkə prezidenti Salome Zurabişviliyə qarşı cinayət işi açıla bilərmi deyə jurnalistlərin sualını cavablandırıb.
İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, nazir prezidentin Konstitusiyanı pozduğunu bildirib.
O qeyd edib ki, prezidentin sonrakı hərəkətlərində cinayət əlamətləri aşkarlanarsa, istintaq başlayacaq:
“Ümumiyyətlə, cinayət törədilibsə, təbii ki, istintaq başlaya bilər. Konstitusiya Məhkəməsi prezidentin Gürcüstan Konstitusiyasını pozması ilə bağlı qərar qəbul edib. Dövlət başçısının Konstitusiyanı pozmasının müəyyən edilməsi faktı şəxsən ədliyyə naziri kimi mənim üçün çox kədərlidir”, – deyə Breqadze vurğulayıb.
Onun sözlərinə görə, cinayət işinin başlanması ilə bağlı digər təfərrüatları prokurorluq dəqiqləşdirməlidir.
Bundan başqa parlamentin sədri Şalva Papuaşvili bir müddət əvvəl bəyan etmişdi ki, Salome Zurabişvili hökumətin razılığı olmadan xarici səfərləri davam etdirərək konstitusiyanı pozarsa, özünü qanundan kənarda qoyacaq.
Məlumat üçün bildirək ki, ötən gün Parlamentdə prezident Salome Zurabişvilinin impiçment məsələsi (vəzifədən kənarlaşdırılması) səsverməyə qoyulub, prezidentin ipmiçmenti yetərli səs toplamadığı üçün baş tutmayıb.
2018-ci ildə 6 illik müddətə seçilən Salome Zurabişvilinin prezidentlik müddəti isə 2024-cü ilin sonunda başa çatacaq.