Şeyxdən Eldar Quliyevin dəfninə qatılmayan Mədəniyyət nazirinə: “Bu, Azərbaycan adına rüsvayçılıqdır”backend

Şeyxdən Eldar Quliyevin dəfninə qatılmayan Mədəniyyət nazirinə: “Bu, Azərbaycan adına rüsvayçılıqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Mədəniyyət naziri nəinki o dəfn mərasimində iştirak etməli, o mərasimi layiqincə təşkil etməliydi. O nazir yəqin özünü mədəniyyət adamı hesab etməyib, ona görə də dəfn mərasminə qatılmayıb. Eldar Quliyevi haqq dünyasına yola salmaq sənətkarın özünə lazım deyil. O, onsuz da Allahın dərgahına qovuşdu. Bu, Azərbaycanın, xalqın adı üçün lazımdır. Bu münasibət bizə görə təkcə xəcalət hissi deyil, həm də böyük bir rüsvayçılıqdır”.

Bunu açıqlamasında xalq artisti, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyli Mədəniyyət naziri Anar Kərimov və müavinlərinin “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenləri ilə təltif olunmuş Eldar Quliyevin dəfnində iştirak etməməsinə münasibət bildirərkən deyib.

Şeyx bunu rüsvayçılıq adlandırıb:

“Bu, böyük bir rüsvayçılıqdır. Bunlar hansı mədəniyyətə xidmət edirlər, ümumiyyətlə, bunların missiyası nədən ibarətdir? Eldar Quliyev milli kinonun bütöv bir mərhələsi, tarixidir. Bu qədər möhtəşəm xidmətlərin müqabilində əgər onu son mənzilə normal şəkildə yola sala bilmiriksə, heç mən burada ölmək belə istəmirəm. Elə istəyirəm, xəlvətdə ölüb, çıxıb gedim işimin dalınca”.

Xalq artisti E.Quliyev kimi sənətkarın Fəxri Xiyabanda dəfn olunmamasını da Azərbaycan mədəniyyəti adına rüsvayçılıq kimi dəyərləndirib:

“Söhbət dəyərdən və dəyər verəndən gedir. Gərək dəyər verən insan özü də dəyər səviyyəsində olsun. Bir şeyi başa düşə bilmirəm, Eldar Quliyev kino mədəniyyətində daha hansı xidmətləri göstərməliydi ki, onu ən azı ikinci Fəxri Xiyabana layiq görəydilər? Ona görə də bilmək istəyirəm, sənətə və sənətkara hər zaman dəyər verən ölkə prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevaya bu barədə məlumat verilibmi? Azərbaycanda nə qədər mədəniyyət qurumları var ki, orada neçə-neçə məmurlar oturub pul qazanır, kef edirlər. Zaman-zaman Azərbaycan mədəniyyətinə xidmət edən insana belə münasibət olarmı?”

Xalq artisti sarsıntı içində olduğunu bildirib:

“Baş verənlərə görə sarsıntı içindəyəm. Böyük xidmətləri olan insanlardan danışmıram, amma Fəxri Xiyabana o qədər təsadüfü adamları doldurublar ki… Rəhmətlik Tofiq Tağızadə deyirdi ki, Vətən torpağının fəxri, ya qeyri-fəxrisi olmur. Torpaq müqəddəsdir, amma söhbət sayılmaqdan gedir. Sabah, birigün Azərbaycanda möhtəşəm beynəlxalq kino, mədəniyyət tədbirləri, simpoziumlar keçiriləndə, nüfuzlu mədəniyyət xadimləri Eldar Quliyevin məzarını ziyarət etmək istəsə, onları hara aparacağıq, hansı məzarı göstərəcəyik? Ölüb yerə girəcəyik. Belə də ki, onsuz da ölüb yerə girmişik elə quru nəfəsimiz qalıb. Bu cür münasibət nə ölüyə, nə diriyə yaraşmaz”.

 

İnterpress.az