Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan “Səyyar Gənclər Xidməti” layihəsi 31 avqust-4 sentyabr tarixlərində Lerik rayonunda fəaliyyət göstərərək gənclərə müxtəlif istiqamətlər üzrə xidmətlər göstərib.
Layihənin Lerikdə baş tutan açılış mərasimi Dövlət Himnimizin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Rəsmi hissədə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev layihənin region gənclərinin bilik və bacarıqlarının inkişafına verdiyi töhfələrdən bəhs ediblər. Gənclərin təşəbbüskarlığının artırılması, liderlik və kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi, onların innovativ düşüncə və yaradıcılıq potensialının təşviq olunmasının vacibliyi çıxışlar zamanı toxunulan əsas məqamlar olub.
Əsas məqsədi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakçılığının artırılması, yaradıcı potensialının üzə çıxarılması və gənclər üçün mövcud dövlət dəstəyi mexanizmlərinin regionlarda yaşayan gənclərə daha əlçatan olmasını təmin etmək olan layihənin beş günlük zəngin proqramı çərçivəsində açıq hava şəraitində qurulan “Vətənpərvərlik”, “Təhsil və karyera”, “Rəqəmsal düşüncə”, “Fiziki aktivlik və sağlamlıq”, “Yaradıcı gənclik” və “Əyləncə” zonaları Lerik gənclərinin böyük marağına səbəb olub. Gənclər bu məkanlarda təşkil olunan vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək həm yeni biliklər əldə edib, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Bununla yanaşı, iştirakçılar üçün ixtisas seçimi, karyera planlaşdırılması, şəxsi inkişaf, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və sağlam həyat tərzi ilə bağlı peşəkar mütəxəssislər tərəfindən təlimlər keçirilib. Eyni zamanda 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən maarifləndirici sessiyalar təşkil olunub. Günün sonunda proqram çərçivəsində keçirilən fəaliyyətlərdə yüksək fəallıq nümayiş etdirən gənclər müxtəlif həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, “Səyyar Gənclər Xidmət” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. “Gənclərlə, gənclər üçün” devizi altında keçirilən layihə noyabr ayınadək respublikanın 20 şəhər və rayonunun ucqar kəndlərindən olan 8 mindən çox gənci əhatə edəcək.






