SOCAR Azərbaycanın milli brendinə çevrilibbackend

SOCAR Azərbaycanın milli brendinə çevrilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük dövlət adamı Heydər Əliyev Azərbaycanın neft strategiyasını müəyyənləşdirərkən ilk öncə xalqın mənafeyini, ölkənin uğurlu gələcəyini nəzərə almışdı. İllərdir ki, qüsursuz həyata keçirilən bu strategiya Azərbaycanı dünyanın hesablaşdığı bir gücə, güclü iqtisadiyyata malik olan regionun lider dövlətinə çevirib. Məhz zamanında qəbul edilən düzgün qərarlar, həyata keçirilən müdrik siyasi kurs sonda Azərbaycanı qalibiyyətə apardı, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad olundu. Müzəffər Ali Baş Komandanın müəyyənləşdirdiyi “güclü dövlət, güclü ordu, güclü xalq”  planının  həyata keçirilməsində uğurlu neft strategiyasının böyük rolu vardır. Bu strategiyanın həyata keçirilməsində əsas məsuliyyət isə təbii ki, SOCAR-ın üzərinə düşür. 

SOCAR  uzun illərdir ki, Azərbaycanın dövlət büdcəsinin və ixracının xeyli hissəsini təmin edən ölkənin ən böyük şirkətidir. Yürüdülən uğurlu kurs nəticəsində strukturuna daxil edilən başqa profilli müəssisələr hesabına SOCAR bu gün həm də qeyri-neft sektorunda əsas pay sahibidir. Ümummilli liderin müəyyənləşdirdiyi və cənab Prezidentin uğurla davam etdirdiyi siyasi kursun həyata keçirilməsində , Azərbaycanın dünya brendinə çevrilməsində SOCAR-ın xidmətləri danılmazdır. Sir deyil ki, dünyanın istənilən nöqtəsində Azərbaycan adı çəkildikdə gözlər önündə ilk olaraq SOCAR brendi canlanır. Şirkət təkcə Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasını təmin etməyib, o həm də Azərbaycan iqtisadiyyatının, mədəniyyətinin ən böyük tanıdıcısıdr. Yazıda kifayət qədər statistik rəqəmlərə müraciət edə bilərdik, şirkətin qazandığı uğurları faizlərlə sadalayardıq. Amma biz bu məramdan uzağıq, çünki, elə məqamlar var ki, onları rəqəmlərlə yox, məhz həqiqətin dili ilə demək lazımdır. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) birmənalı şəkildə bu gün neft və qeyri-neft sektorunun flaqmanı rolunda çıxış edir.  Bu gün SOCAR nəinki Azərbaycanın karbohidrogen ehtiyatlarından tam şəkildə istifadə etmək imkanına malikdir, eyni zamanda xarici ölkələrdə belə neft hasilatında bilavasitə iştirak etmək potensialına malikdir. Bu, çox mühüm bir nailiyyətdir. Qlobal bazarda uzun illər ərzində oturuşmuş, nüfuzlu, bir sıra istiqamətlər üzrə monopolist mövqeyə malik, arxalarında böyük dövlətlərin durduğu iri transmilli şirkətlər var. Belə bir bazarda SOCAR-ın indiyə kimi əldə etdiyi uğurlar fövqəladə xarakter daşıyır. O, faktiki olaraq Azərbaycanın qlobal brendinə çevrilib. Bu uğurların arxasında, heç şübhəsiz ki, şirkətdəki çevik idarəçilik və peşəkar yanaşma da dayanır. SOCAR prezidenti Rövnəq Abdullayevin sırf milli maraqlara xidmət edən fəaliyyəti nəticəsində Azərbaycan dünya bazarında təkcə neft və qazın deyil, həm də neft məhsullarının ixracatçısı kimi tanınır. Uğurlu idarəçiliyin, peşəkar yanaşmanın nəticəsi olaraq SOCAR öz gəlirini artıq yalnız Azərbaycan neftinin satışından deyil, daha çox üçüncü tərəflərin və neft-kimya məhsullarının satışından əldə edir. Bu da təbii olaraq  davamlı inkişaf strategiyasının effektivliyinin bariz göstəricisidir.

SOCAR-ın qazandığı hər bir uğurun arxasında xalqa, dövlətə sonsuz sədaqət hissinin, təmənnasız xidmətin təntənəsi durur. R.Abdullayev şirkətə rəhbərlik etdiyi bütün dövr ərzində Azərbaycanın güclənməsi, lider dövlətə çevrilməsi xəttinə sədaqətlə xidmət edib, milli sərvətimiz olan neftin həm də milli gücə, qüdrətə çevrilməsinə çalışıb. İnamla söyləmək olar ki, Ümummilli liderin və cənab Prezidentin qarşıya qoyduğu məqsədlər uğurla həyata keçirilib.

Bu gün dünyada siyasi oyunbazlıqlar, ikibaşlı manevrlər geniş yayılıb. Sir deyil ki, hansısa dövlətin əldə etdiyi qələbələr, nail olduğu siyasi sabitlik və dinamik inkişaf heç də birmənalı qarşılanmır, əksər hallarda digərləri tərəfindən qısqanclıq doğurur. Azərbaycanın qazandığı böyük siyasi, iqtisadi, hərbi uğurlar da bu qəbildəndir. Xüsusilə 44 günlük Vətən savaşında qazanılan möhtəşəm qələbə antiazərbaycan cəbhəsində yer alan qüvvələrin yuxusuna haram qatıb. Azərbaycana qarşı xain və məkrli bir plan işə salınıb. Məqsəd sabitliyi pozmaq, əldə olunan milli həmrəyliyi zədələmək və ölkədə xaosa nail olmaqdır. Bunun üçün xaricdə oturan və ölkədə xaricdən maliyyələşən bəzi üzdəniraq qüvvələr xüsusilə canfəşanlıq edirlər. “Söyüş müxalifəti” bütün əxlaqi, insani hissləri ayaqlar altına ataraq ətrafa çamur atmaqla məşğuldur. Onların siyahısında SOCAR rəhbərliyi, şirkətin aparıcı mütəxəssisləri də xüsusi yer tutur. Təbii ki, qazanılan böyük uğurları, görülən işləri həzm etmək çətindir. İstər şirkətin rəhbər kadrosunda, istərsə də regional qurumlarında təmsil olunan şəxslərə qarşı ölkənin qara mediasında fasiləsiz qarayaxma kompaniyası aparılır, şər, böhtan xarakterli məlumatlar yayılır.

Son zamanlar bir sıra media qurumları məqsədli şəkildə Qazax neft bazasının direktoru Zeynal Əhmədov haqqında heç bir həqiqətə söykənməyən, tamamilə böhtan xarakterli yazılar tirajlayırlar. Bəzən yalanın dozasını o qədər artırırlar ki, adamın sadəcə gülməyi gəlir, ikrah hissi yaranır.

Kimdir Zeynal Əhmədov? Birinci Qarabağ savaşının iştirakçısı, 44 günlük Vətən savaşında bütün gücü ilə cəbhəyə, əsgərlərə dəstək olan bir Vətən oğlu, YAP-ın millət vəkilliyinə namizədi olan Vətəni üçün canını belə fəda verməyə hazır olan şəxsiyyətdir Zeynal Əhmədov. Vətəni xalq üçün canından keçməyə belə gözünün qarşısına ala bilən adamın yeganə günahı SOCAR-da vəzifə sahibi olmaq və öz işinin öhdəsindən layiqincə gəlməsidir. Təsəvvür edin ki, qaragüruhçuların yalanı o həddədir ki, Z.Əhmədovun heç vaxt İngiltərədə olmayan övladlarının adına Londonda mülklər alırlar, Dumanlı Albionda təhsil və biznes fəaiyyəti ilə məşğul edirlər. (Məlumat üçün bildiririk ki, Zeynal müəllimin övladları doğma vətənimizdə təhsil almışlar).Hələ Zeynal müəllimin 4 mərtəbəli klinikası, böyük biznes şəbəkəsi barəsində demirik. Bu üzəduranlar uydurduqları nağıllara o qədər inanırlar ki, az qala ölkənin yarısının Zeynal müəllimə məxsus olduğunu iddia edirlər.

Məhşur filmdə deyildiyi kimi, “kişinin qoluna qandalı da gərək kişi vursun!” Yalanı danışanda da elə danışasan ki, cüzi də olsa həqiqətə uyğun gəlsin. Məqsədli şəkildə xalqa, dövlətə ləyaqətlə xidmət edən şəxslərə qarşı şər, böhtan kompaniyası aparmaq, yalan məlumatlar yaymaqla ictimai fikri çaşdırmaq heç bir əxlaqa sığışmır. SOCAR rəhbərliyinin, eləcə də Z.Əhmədovun ətrafında aparılan çirkin kompaniya eyni mərkəzdən idarə olunur-Azərbaycanda siyasi sabitliyi və milli həmrəyliyi gözü götürməyən güclərin mirzələri iş başındadır. Suyu bulandıraraq ağıllarınca SOCAR-ın qazandığı böyük uğurlara, bu uğurlarda pay sahibi olan şəxslərə böhtan atmaqla məqsədlərinə nail olacaqlarını düşünürlər. Amma unudurlar ki, xalq kimin kim olduğunu onlardan daha yaxşı tanıyır.

Bu gün Azərbaycan dünyada baş verən gərgin siyasi proseslər fonunda iqtisadi sabitliyini və milli birliyini qorumağı bacaran azsaylı ölkələrdən biridir. Təbii ki, bu cənab Prezidentin yürütdüyü düzgün və əsaslandırılmış siyasi kursun nəticəsidir. Daima Azərbaycanın milli maraqlarını uca tutan SOCAR ölkəmizin tərəqqisi və inkişafı istiqamətində çoxşaxəli fəaliyyətini uğurla davam etdirir. Böyük layihələrin həyata keçirilməsi peşəkar komanda tərəfindən reallaşdırılır. R. Abdullayevin neft strategiyasının reallaşması üçün atdığı addımlar nəticəsində SOCAR nəinki regionun, dünyanın ən perspektivli şirkətlərindən birinə çevrilib. Artıq Azərbaycan xarici ölkələrə investisiyalar yatıran investor ölkəyə çevrilib.

Bu gün SOCAR ölkəmizdə böyük layihələri həyata keçirən, sosial proqramları reallaşdıran şirkətdir. İnamla söyləmək olar ki, neft tariximizdə heç vaxt indiki qədər millətin sərvəti olmayıb.

Azərbaycan nefti yüzillər boyunca yadların çırağını işıqlandırsa da millətimizə onun əzabı və məşəqqətləri  nəsib olub. Bu gün qara qızılımız xalqımızın tərəqqi yolunu nurladırır, işığa qərq edir.

Nicat Mahmudov,
jurnalist