“Şuşa-Laçın yolunda etiraz aksiyası bütün xalqımızın səsinə çevrildi” – RƏYbackend

“Şuşa-Laçın yolunda etiraz aksiyası bütün xalqımızın səsinə çevrildi” – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın Zəfər savaşının qarşısında ordusu fərari, xalqı düşgün olan Ermənistan yalvarıcı kaputilyasiya sənədində üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaqda davam edir”.

İnterpress.az xəbər verir ki, bunu Tibb elmləri doktoru, deputat Rəşad Mahmudov bildirib.

Onun sözlərinə görə, darmadağın edilən məğlub bir ölkənin belə dəyişikliyi bir tərəfdən Fransa kimi marianetka dövlətlərin xarici dəstəyi ilə bağlıdırsa, digər tərəfdən də bölgədə sülhməramlı missiyası ilə yerləşdirilən rus hərbçilərinin öz funksiyalarını yerinə yetirmək əvəzinə, separatçı qüvvələrə açıq arxa durmasıdır:

“10 noyabr Bəyannaməsindən sonra Azərbaycan dəfələrlə Ermənistanın öhdəliklərini xatırlatmış, hətta cari ilin sentyabrında bir daha öz hərbi gücünü qarşı tərəfə göstərmişdi. Təəssüf ki, bundan lazımi qüvvələr dərs götürmədi, əksinə, sülhməramlılar Azərbaycanın suverenliyinə qarşı bəzi addımlara imza atdı. Azərbaycan müdafiə nazirliyinin dəfələrlə xəbərdalıq etməsinə rəğmən Volkov və dəstəsi öz separatçı əməllərindən əl çəkməmişdir. Son olaylar isə bütövlükdə Azərbaycan ictimaiyyətinin səbr kasasını daşdırdı və bu mənada vətəndaş cəmiyyətinin fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi məlum etiraz aksiyası bütün xalqımızın səsinə çevrildi”.

Deputat bildirib ki, bu aksiya qəsbkarlığa, talançılığa vərdiş etmiş Ermənistana ciddi mesajdır və hər şeydən öncə vətəndaşlarımız bədnam qonşularımızın bu xain istəyinə səssiz qalmayacaqlarını bütün dünyaya sübut etdi: “Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərimizdə həyata keçirilən qanunsuz iqtisadi fəaliyyət, sərvətlərimizin talanması qəbuledilməzdir. Sülhməramlı adlandırılan, amma əslində, fünksional işini bir yana atıb erməni maraqlarına və sülhdən başqa hər şeyə xidmət edən kontingentin bu qanunsuzluğa göz yumması isə başadüşülən deyil. Dəhşətlisi budur ki, Qızılağac, Dəmirli kəndləri və digər tarixi ərazilərimizin yeraltı və yerüstü sərvətləri sülhməramlıların gözləri önündə Ermənistan Respublikası tərəfindən talançılığa məruz qalır. Bunu araşdırmaq üçün əraziyə baxış keçirmək istəyən media və QHT təmsilçilərinin əraziyə buraxılmaması isə ümumiyyətlə heç bir qanuna və normaya sığmır. Bu, həm də onu təsdiqləyir ki, gerçəkdən bölgədə ekoloji talançılıq həyata keçirilir və bunun himayədarı adını sülhməramlı qoyan, əslində isə məramları ermənistana dəstək olan rus hərbçiləridir. Ərazidə Azərbaycan nümayəndələrinə qarşı göstərilən münasibət bu hərbi kontingentin harınlığının təsdiqidir. Azərbaycan hələ ki, “yumşaq güc” siyasətini həyata keçirir. Amma suverenliyimizə qarşı hər hansı təhdidə cavab hüququmuzu özümüzdə saxlayırıq. Düşmənin kimə güvənməsindən asılı olmayaraq qüdrətimizin və birliyimizin rəmzi olan “Dəmir Yumruq” hər zaman havadadır”.