Təhsil müəssisələrində kritik durum: Kütləvi qapanmanın bir addımlığında…backend

Təhsil müəssisələrində kritik durum: Kütləvi qapanmanın bir addımlığında…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə koronavirusa yoluxma halları ilə bərabər uşaqlar arasında yayılan digər respirator infeksiyalar narahatlıq doğurur. Yay aylarında artıq həkimlər xəbərdar etmişdilər ki, payızda koronavirusla digər infeksiyalar bir-birinə qarışacaq. Hazırda verilən bu proqnozlar özünü doğruldur. İnsanlar bilmir, koronavirusa, yoxsa adi mövsümi qripə yoluxublar. Məktəblərdə isə vəziyyət gərginləşib. Uşaqların əksəriyyəti dərsdə iştirak edə bilmir. Valideynlər uşaqların qızdırma, ishal, boğaz ağrısı kimi əlamətlərinin olmasından şikayət edirlər.

Baş pediatr Erkin Rəhimov da açıqlamasında deyib ki, uşaqlar arasında qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi əlamətlərlə xəstəxanalara müraciət edənlərin sayında artım müşahidə olunur. O qeyd edib ki, məktəb və bağçalar açıldığından xəstəlik daha geniş vüsət alıb. Onun sözlərinə görə, bu dönəmdə uşaqlar arasında ciddi şikayətlər olarsa, onlardan COVİD-19-a görə PCR testi götürülməlidir. E. Rəhimov əlavə edib ki, valideynlər uşaqlarını qripə qarşı peyvənd etdirməklə də viruslardan qoruya bilərlər.

Qeyd edək ki, Azərbaycan Pedaqoji Universitetinin (ADPU) 2 qrupunda tələbələr arasında koronavirus aşkarlanıb. Bu səbəbdən həmin qruplar 14 gün müddətində distant təhsilə keçib. Universitetdən bildirilib ki, yoluxma halı fizika və riyaziyyat fakültələrinin tələbələri arasında baş verib.

Bizimlə söhbətdə infeksionist Nicat Əzimli son günlər insanları narahat edən məqamlara aydınlıq gətirib: “Doğrudur ki, son zamanlar müraciətlər arasında qeyri-COVİD halları ilə qarşılaşırıq. Bunlar arasında  bəzən qrip, bəzən digər yuxarı tənəffüs yolu xəstəlikləri olur. Hansı ki, simptomlar COVİD-in başlanğıc simptomları ilə oxşarlıq təşkil edir. Nəzərə alsaq ki, payız mövsümündəyik və bütün müəssisələr açıqdır, insanlar arasında sıx kontakt var, bu infeksiyaların ortaya çıxması təbii haldır. Belə olan halda, həkim infeksionist tərəfindən xəstəliklərin differensial diaqnostikası aparılır və hər xəstəliyin özünə spesifik müalicəsi təyin olunur”.

İnfeksionist onu da əlavə edib ki, vaksinasiya yaşının aşağı endirilməsi bir çox ölkələrdə sınaqdan keçirilib: “Artıq bu, nəzəriyyədə yox, praktik olaraq qəbul olunmuş profilaktik addımdır. Lakin bilirik ki, uşaqlar xəstəlikdə ağırlaşma ehtimalı ən aşağı olan yaş qrupunu təşkil edir. Burada əsas məqsəd uşaqlar arasında ağırlaşmaların qarşısını almaq deyil, onlar arasında yoluxma saylarını azaldaraq, təhsil müəssisələrinin açıq qalmasını təmin etməkdir”.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu günə qədər 357 nəfər yeniyetmə vaksinasiyada iştirak edib: “Onlar arasında hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb. Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı  Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəri olduğu halda və hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər. Bu günə qədər ümumilikdə 20 minə yaxın şəxsin müraciətinə müsbət cavab verilib və həmin vətəndaşlar artıq əks-göstəriş sertifikatı alıblar”.

Digər tərəfdən, “Delta” ştammının fəsadları vaksinin qüvvətləndirici üçüncü dozasını da aktullaşdırıb. Dünyada müşahidə olunan tendensiyalar COVİD-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərin görülməsini zəruri edir. Mütəxəssislər hesab edir ki, peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster dozasının istifadəsi yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər) üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur. Vaksinasiya nəticəsində müxtəlif fəsadların olması ehtimalı risklidir. Bu günə kimi xroniki böyrək xəstəlikləri, hər hansı uroloji və nefroloji problemi olan xəstələrin COVİD-19-a qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş yoxdur. Uroloji, nevroloji xəstəlikləri olan şəxslərin vaksinasiyasında ciddi problem olmayıb. Yan təsirlər də hər kəsdə olan təsirlərdir. Vaksinasiya nəticəsində əmələ gələn fəsadlar vaksinasiya olmadan xəstəliyə yoluxma nəticəsində yaranan fəsadlardan daha yüngüldür.

Tədqiqatlara görə, buster dozası almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb. Buster peyvəndin gücləndirici dozasıdır. Koronavirusun mutasiyası nəticəsində yeni “Delta” variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə 3-cü peyvənd dozası – buster dozası təklif olunur. Nəzərə alınmalıdır ki, bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a bildirib ki, mövsümi qrip fonunda koronavirusa yoluxmada artım müşahidə olunur və bu proses çox qısa bir müddət çəkəcək: “Məktəblərin bağlanmasını öncədən demək olmaz. Amma mən düşünürəm ki, epidemioloji vəziyyət belə getməyəcək. Çünki peyvənd olunanların sayı gündən-günə artır. Payız mövsümünün gəlməsi, havanın soyuması ilə əlaqədar olaraq qrip və digər virus infeksiyaları çoxalır. Bunun da fonunda koronavirusa yoluxmada artım müşahidə olunur. Eyni zamanda, demək olar ki, bütün sahələrdə ənənəvi iş rejiminə keçməsi yoluxmanın artımına təkan verdi. Bu keçici bir dövrdür. Bununla yanaşı, məktəblərdə nəzarət gücləndirilməlidir. Təkcə məktəbin kollektivi tərəfindən yox, digər nəzarətedici orqanlar da bu işə qoşulmalıdır. Polis, səhiyyə əməkdaşları bu məsələni nəzarətdə saxlamalıdır”.

Komitə sədri dekabr ayınadək əhalinin peyvəndlənməsinin 80%-ə çatacağını, yoluxmanın yanvar ayından sonra aşağı enəcəyini təxmin edir: “Temperaturun ölçülməsi, maska rejiminin gözlənilməsinə həm təhsil işçiləri, həm də şagirdlər əməl etməlidir. Çox təəssüf ki, əksər məktəblər buna əməl etmir, uşaqlar xüsusilə tənəffüslərdə maskasız gəzirlər. Ən əsas məsələ odur ki, uşaqların böyük bir qismi xəstəliyin ya daşıyıcısı olur, ya da çox yüngül keçirir. Amma evdəki insanlara yoluxdurduqları zaman nəticəsi ağır olur. Mən düşünürəm ki, bu problem yanvar ayına qədər davam edəcək. Ondan sonra artıq yoluxma dinamikası azalacaq. Çünki ilin sonuna qədər əhalimizin 80%-dən çoxunu vaksinləşdirəcəyik. Bir sözlə, insanlara səslənirəm ki, indiki hal mövsümi xarakter daşıyır. Təşvişə düşməyə ehtiyac yoxdur. Sadəcə, ciddi karantin qaydalarına əməl etsinlər”. /Musavat.com