Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günü, 60 illik yubileyidir. Dövlət başçısının xalqın iradəsi ilə prezidenti seçildiyi 2003-cü ilin oktyabrından bu yana Azərbaycan uğrunda həyata keçirdiyi misilsiz fəaliyyət ölkəmiz adına yeni uğur mərhələsinin başlıca şərtidir. Cənab Prezidentin hakimiyyətdə olduğu 18 il ərzində ölkə həyatının bütün sahələrində davamlı inkişaf sayəsində tarixi nəticələr əldə olunub. Bu müddət ərzində Azərbaycan Cənubi Qafqaz bölgəsinin ən qüdrətli dövlətinə çevrilərək, beynəlxalq arenada da öz nüfuzunu maksimum səviyyəyə qaldırıb.
Bu fəaliyyətin nəticəsidir ki, regionda heç bir genişmiqyaslı layihənin icrası Azərbaycanın razılığı və iştirakı olmadan gerçəkləşdirilmək imkanına malik deyil. Ən əsası, ölkə Prezidentinin yürütdüyü uğurlu daxili və xarici siyasət dövlətin təməlini möhkəmləndirmək və daxili sabitliyi qorumaqla bərabər, Azərbaycanın ciddi təsir imkanlarına malik beynəlxalq oyunçu statusu əldə etməsinə vəsilə olub.
Lakin hər kəs razılaşar ki, Cənab Prezidentin dövlət başçısı postunda həyata keçirdiyi fəaliyyətin şah əsəri 44 günlük Vətən müharibəsinin yekununda Azərbaycanın uzun müddət erməni işğalında qalmış ərazilərinin azad edilməsi, ruhumuzun şəhəri olan Şuşada yenidən üçrəngli bayrağımızın qaldırılması, onilliklər boyu “məğlub xalq və ordu” sindromunu birdəfəlik sındıraraq Qalib Xalq və Ordu fenomenini yaratmasıdır.
Bu qələbə sadəcə, Azərbaycanın ərazi bütövlüyün təmin etmədi, həm də ölkəmizin gücünü, işğalla barışmamaq əzmini, hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi, XXI əsrin savaş strategiyasına ton verdi. İşğaldan azad olnmuş ərazilərimzdə son bir ildə Cənab Prezidenti birbaşa nəzarəti altında nəhəng işlər görülüb, infrastruktur yenidən qurulur, əhalinin o torpaqlarda məskunlaşması üçün gərəkən bütün tədbirlər həyata keçirilir, ermənilərin viran qoyduğu yurdlarda həyat canlandırılır.
Qalib Prezidentimizi, Müzəffər Ali Baş Komandanımızı bu əlamətdar tarix – 60 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı arzulayır, Dövlət və Millət yolunda həyata keçirdiyi fəaliyyətdə yeni-yeni uğurlar diləyir, hər zaman onun yolunda olduğumuzu bildirirəm.
Allah sizi qorusun.
Azərbaycan Türkiyə Evi (ATEV)
Başkanı Tənzilə Rüstəmxanlı