“Vətən buna görə vətəndir ki, sadəcə torpaqdan ibarət deyil. Onu mənəvi dəyər baxımından qiymətli edən uğrunda canını fəda verən, həyatına vida etmək qədər ağır bir yükü gözünü qırpmadan yüklənən şəhidlərimizin bu torpağın qoynunda uyumalarıdır. Şəhid qanı ilə suvarılan torpaqlarımız bizim üçün çox qiymətlidir. Torpaq bir dövlətin, millətin uğrunda savaş verdiyi ən qiymətli dəyərdir. Bu dəyəri qorumaq hər birimizin borcudur. Əlbəttə, torpağımız, dövlətimiz qədər, hətta ondan daha da üstün şəhidlərimizin əbədi xatirəsinin yaşadılması, onların ruhlarını şad edəcək işlərin görülməsi, ailələrinə göstərilən qayğıdır. Bu, çox önəmlidir. Azərbaycan dövlətinin Birinci Qarabağ müharibəsindən, xüsusilə, Vətən müharibəsindən sonra ərazi bütövlüyümüz uğrunda şəhid olmuş övladlarımızın ailələrinə göstərilən qayğı, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün gördüyü işlər göz önündədir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib.
Deputat bildirib ki, şəhidlərin xatirəsi əziz tutulmalıdır: “Bu məsələdə dövlətimizin diqqətinə etiraz etmək, onu bəyənməmək düşmən işi olar. Dövlət bu məsələdə çox ciddi və qayğılıdır. Azad olunan şəhərlərdə küçələrə şəhid adlarının verilməsi məsələsi əvvəllər də olub. Şəhidlərin adlarını daşıyan küçələrdə barelyeflərin, büstlərin qoyulması çox önəmlidir. Deməzdim ki, Şuşada daşları yazanlar şəhidlərimizin xatirəsinə hörmətsizlik edirlər. Sadəcə, bilərək və ya bilmədən belə hallara yol verilməsini düzgün hesab etmirəm. Düşünürəm ki, şəhidlərimizin adının əbədiləşdirilməsi üçün onların adlarını məktəblərə, küçələrə vermək, barelyef, heykəl qoymaq lazımdır. Qarabağda da torpaq uğrunda şəhid olanların adları yaşayış məntəqələrinə, məktəblərə, küçələrə verilə bilər. Amma qayalarda şəhidlərimizin adının özbaşına harasa yazılmasını düzgün hesab etmirəm. Şəhidlərimizin ruhunu şad etmək üçün onların adları keçici yox, qalıcı şəkildə əbədiləşdirilməlidir. Əlbəttə, düşünürəm ki, hər kəs Azərbaycanda şəhidlərin ruhunu hörmətli tutur. Belə bir işi görənlər o gözəl şəhid adını, o yüksək adı aşağı səviyyələrə çəkməməlidirlər. Bu hamımıza aiddir – şəhidin adını daşıyan el-obaya, ailəsinə də, vətəndaş olaraq bizə də. Şəhidimizin adını yüksək tutmalıyıq. Bəlkə, niyyət yaxşıdır, edilib. Amma şəhidin adını kiçildəcək işlərə əl atmamaq, bundan çəkinmək lazımdır”.






