Türkiyənin Şanlıurfa vilayətinin Halfeti rayonundakı erməni kilsəsinin torpağı satışa çıxarılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Ermenihaber” məlumat yayıb.
Məlumata görə, 5 fevral 2025-ci il tarixində daşınmaz əmlak agentliyinin saytında “erməni kilsəsi və keşiş evi”nin zəbt etdiyi torpaq sahəsinin 2 milyon 810 min lirəyə (təxminən 77 min 500 ABŞ dolları) satıldığı barədə elan yerləşdirilib.
Bildirilir ki, kilsənin sahəsi 904 kvadratmetrdir və binanın mülkiyyət şəhadətnaməsi var.
Erməni kilsəsinin yaxınlığında yaşayan Türkiyə vətəndaşı qeyd edib ki, orada əvvəllər ermənilər yaşayırmış, kənddə erməni kilsəsi və keşiş evi olub.
Onun sözlərinə görə, ermənilər kəndi təxminən 120 il əvvəl tərk etmiş, bundan sonra kilsənin bir hissəsi məscidə çevrilmişdir.
Kilsə 2023-cü ilin fevralında baş verən zəlzələdə uçub. Sahibi zəlzələdən əvvəl burada yaşayıb, amma indi satmaq istəyir.
Xuraman Etibarlı
İnterpress.az