“Şəhidlərimizin sarsılmaz Vətən sevgisi ən böyük qürurumuz, zənginliyimiz və gücümüzdür. Tarixi qəhrəmanlıqlarla dolu olan xalqımız 107 il əvvəl Çanaqqalada böyük bir tarix yazıb və torpaqlarımızın işğalına heç vaxt razı olmayacağını dünyaya nümayiş etdirib. Çanaqqala döyüşündə 3 minə yaxın azərbaycanlı da iştirak edib və qardaş ölkənin müstəqilliyi uğrunda canlarından keçib. Çanaqqala şəhidlərinin əziz xatirəsi heç vaxt unudulmayacaq”.
Bu sözləri Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz muxtar respublikada Çanaqqala zəfərinin 107-ci ildönümü və şəhidləri anma günü münasibətilə keçirilən tədbirdə deyib.
Baş konsul qeyd edib ki, bu möhtəşəm zəfər məhv olmaq təhlükəsində olan bir ölkənin şanlı qələbəsidir. Bu zəfər türk millətinin gücünün və sarsılmazlığının ifadəsidir.
2020-ci ildə Azərbaycanın Vətən müharibəsindəki haqlı Qələbəsi qardaş Türkiyədə də böyük coşqu ilə qarşılanıb: “Müharibənin başlandığı ilk gündən Türkiyə qardaş Azərbaycana bütün imkanları ilə öz mənəvi dəstəyini göstərib. Ötən il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması da dostluq və qardaşlığımızın ən bariz nümunəsidir”.