Ülvi Mehdiyev: “Bakıda 101, Sumqayıtda isə 19 çimərlik istifadə üçün yararlı müəyyən edilib”backend

Ülvi Mehdiyev: “Bakıda 101, Sumqayıtda isə 19 çimərlik istifadə üçün yararlı müəyyən edilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monitorinqin nəticələri tam avtomatlaşdırılmış şəkildə təhlil olunub. Aparılmış təhlil nəticəsində Bakı şəhəri ərazisində 101, Sumqayıt şəhərində isə 19 çimərlik istifadə üçün yararlı müəyyən edilib.

İnterpress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, çimərlik ərazilərində sosial məsafə gözlənilməklə və COVID-19 pandemiyası dövründə təhlükəsizlik qaydaları nəzərə alınmaqla istirahətin təşkili üçün xüsusi proqram təminatı, interaktiv veb səhifə və mobil tətbiq hazırlanıb: “Proqram təminatı istirahət edənlərin təhlükəsizliyi nəzərə alınmaqla çimərliyin tutumunu müəyyən etməyə xidmət edir. Həmin məlumatlar cimerlik.az xüsusi internet səhifəsində əks etdirilir. Səhifəyə daxil olmaqla vətəndaşlar çimərliklərin siyahısı, doluluq səviyyəsi, infrastruktur və şərait, ünvan və yerləşmə yeri  və s. məlumatları əldə edəcəklər. Eyni zamanda yerlərdə vəziyyətin müəyyən edilməsi üçün xüsusi mobil tətbiq hazırlanıb ki, bu tətbiq vasitəsilə çimərlik ərazisinə daxil olan və çıxan şəxslərin sayı sistemə ötürüləcəkdir. Fəaliyyətinə icazə verilən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədi ilə 1000-dən artıq ASAN könüllüsü prosesə cəlb edilib”.

 

İnterpress.az