Uşaq İnkişaf Mərkəzinin rəhbəri əlil uşaqların valideynlərinə müraciət edibbackend

Uşaq İnkişaf Mərkəzinin rəhbəri əlil uşaqların valideynlərinə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əlil qız uşaqlarının təcavüzə uğraması həm də valideyn nəzarətsizliyindən qaynaqlanır”.

İnterpress.az xəbər verir ki, bunu Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva deyib.

O hesab edir ki, sağlamlıq imkanları məhdud uşaqların müdafiəsinin gücləndirilməsi vacibdir: “Gəncədə 2005-ci il təvəllüdlü sağlamlıq imkanları məhdud olan, yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu tərəfindən zorlanaraq hamilə qalması əlil uşaqların müdafiəsinin gücləndirilməsi məsələsini yenidən gündəmə gətirdi. Çox təəssüf ki, son vaxtlar bu kimi oxşar hadisələrə tez-tez rast gəlirik. Yetkinlik yaşına çatmayan sağlamlıq imkanları məhdud qızlara qarşı cinsi zorakılıq halları törədənlər təbii ki, hüquq müstəvisində layiqli cəzalarını alır, cinayət məsuliyyətinə cəlb olunurlar. Amma bu kimi halların yaşanması həm də həmin uşaqların böyüdüyü ailələrin, onların valideynlərinin nəzarətsizliyindən, bir qədər də məsuliyyətsizliyindən qaynaqlanır. Daha çox müdafiəyə ehtiyacı olan bu uşaqları diqqətdən kənar qoymaq olmaz”.

A.Musayevanın sözlərinə görə, araşdırmalar göstərir ki, bəzən ailələr yetkinlik yaşına çatmayan əlil qızlara qarşı baş verən cinsi zorakılıq hallarını gizlətməyə çalışır, bu barədə heç kimin məlumat almasını istəmirlər: “Həmçinin bu kimi hallarla üzləşən uşaqlar qorxub bunu gizlədirlər. Bütün bunlar isə bu sahədə baş verən cinayətlərin sayının artmasına şərait yaradır. Üstəlik, zorlanma hadisəsi ona məruz qalaraq, qorxudan gizlədən uşaqların və bunu bilib susan valideynlərin psixoloji durumuna və sağlamlığına böyük zərbə vurur. Ona görə də uşaqların, xüsusi qayğıya ehtiyac duyan, sağlamlıq imkanları məhdud olan yeniyetmələrin müdafiəsinin gücləndirilməsinə, bu istiqamətdə maarifləndirmə tədbirlərinin genişləndirilməsinə ehtiyac var. Cinsi zorakılığa məruz qalan uşaqların reabilitasiyası, hüquqi müdafiəsi, onlara zəruri psixoloji dəstəyin göstərilməsi də xüsusi diqqətdə saxlanılmalı məsələlərdir. Mən sağlamlıq imkanları məhdud olan, yetkinlik yaşına çatmayan uşaqların valideynlərinə müraciət edirəm: Övladlarınızı hər cür pislik və təhlükələrdən qoruyun, uşaqlarınızla daha çox ünsiyyət qurun, onlarla dost olun. Bu uşaqların xüsusi qayğıya, amma hər şeydən əvvəl siz valideynlərin sevgisinə və müdafiəsinə ehtiyacları var. Onları valideyn “çətir”indən məhrum etməyin”.