Diaspor Komitəsi həmrəylik günü ilə bağlı xaricdə yaşayan azərbaycanlılara medal və təşəkkürnamə verib. Siyahıya baxırsan, orda nə qədər vətən sevdalısını, nə qədər böyük imzaları, ömrünü diaspor işinə sərf eliyən insanları görürsən. Nə gözəl deyərdim, amma. Məsələnin amması “xırda” mətbuatdan və sosial şəbəkələrdən o qədər aydın görünür ki. Mənzərə həqiqətən də utancvericidir. Xaricdə yaşayan bəzi soydaşlarımız “mənə və ya kiməsə niyə medal verilməyib”, “mən medal istəyirəm, təşəkkür deyil” deyə “müharibə”yə başlayıblar.
Fuad Muradov Diaspor Komitəsinə sədr təyin olunandan sonra Azərbaycan diasporunun ayrı bir obrazı ilə tanış olduq. Ermənilər Azərbaycanda bircə nəfərin burnunu qanadanda dünya azərbaycanlıları ən böyük dövlətlərdə, ən iri şəhərlərdə küçələrə axışdı, ermənilərlə kəllə-kəlləyə gəldi, hayqırdı, beynəlxalq ictimaiyyəti ədalətə çağırdı. Başımızı dik tutub, diasporumuz güclü imiş, hətta var imiş dedik, tanış olmayan mənzərələrdən qürurlandıq, bayrağımız Amerikanın, Avropanın küçələrində dalğalandıqca, göz yaşlarımıza hakim ola bilmədik. Diasporun Azərbaycanın, Ali Baş Komandanın, ordumuzun baş əsgərinə çevrilən sərkərdəmizin yanında olduğunu gördük.
44 günlük Qarabağ müharibəsi başlayanda xaricdə də böyük bir gücümüzün olduğunu gördük, o qədər təsirli tədbirlər, aksiyalar oldu ki, ürəyimiz dağa döndü. Biz birlikdə güclü olduğumuzu sübut etdik. Buna sözüm yox.
Bu gün, əsas da sosial şəbəkələrə baxıb suallar qarşısında qalırsan, bu o diaspordurmu, bu nəyin davasıdır? Biz sizi böyük savaşımızda ordumuzun xaricdəki əsgərləri hesab edirik, hanı sizin “əsgərliyiniz”, hanı sizin təmənnasız savaşçılığınız, hanı sizin könül işiniz? Azərbaycana, can Azərbaycana sevginiz medal qədər, medala qədər imişmi?
“Mənə olunan təşəkkürü istəmirəm, mənə medal verin” deyən qadınlar, müharibədə əli, qolu kəsilən hansısa əsgərin anasının medal davasını gördünüzmü? Oğlu itkin düşən hansısa valideynin bala davasını gördünüzmü? Qazilərimizin təşəkkür davasını gördünüzmü?
Bu prosesdə ən utancverici məqam həm də bəzi “jurnalistlərimizlə” bağlı oldu. Yerli jurnalistlərin 3-5 diaspor “nümayəndəsinə” qoşulub medal davası çəkməsi, Komitənin işinə kölgə salmaq istəmələri yalnız gülüş doğurur, acı gülüş. Dövlətin onlara bağışladığı rahat və bahalı mənzillərdə oturub, diaspor haqqında iki məqalə yazan cızmaqaraçı “jurnalistlər”in, QHT Şurasından qrant alıb kitab yazanların medal davası, onların səviyyəsizliyin, mənəviyyatsızlığın zirvəsində oturduqlarını nümayiş etdirir.
Yazı yazmaq, kitab yazmaq diaspor fəaliyyəti deyil axı. Medalın verilmə şərtlərinə baxın, görün onun içində varsınızmı?
Təbii ki, kimin nəyə qadir olduğunu, kimin nəyə layiq olduğunu işin içində olanlar daha yaxşı bilir. “Medalı kim almalıdır” sualının cavabını cızmaqaraçılar verə bilməz. Xaricdə elə təşkilatlar, elə şəxslər var ki, onların xidmətini yəqin ki, Komitədən başqa kimsə bilmir, bilməyəcək də.
Üstəlik də, ilk dəfə verilən medal eyni anda neçə milyon insana verilməliydi ki? Qarşıda çox bayramlar, çox illər var axı. Səviyyəniz yoxmuş, bəs səbriniz necə, o da yoxmuş?
Məncə ən dəhşətlisi gözdən düşməkdir. Utancverici davanızla gözümüzdən düşdünüz, həm də birdəfəlik.
İnterpress.az