XİN başçısının müavini: “Azərbaycanın pandemiya ilə bağlı çağırışları davam edir”backend

XİN başçısının müavini: “Azərbaycanın pandemiya ilə bağlı çağırışları davam edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın koronavirus pandemiyasının zərərlərini aradan qaldırmasında qlobal əməkdaşlıq və xalqlar arasında həmrəyliyin gücləndirilməsi üçün çağırışları davam edir.

bunu Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev BMT-nin Nyu-Yorkdakı baş qərargahında, Baş Assambleyanın iclası çərçivəsində Qrup 77-nin (G-77) və Çinin Nazirlər toplantısında (“Ministerial Conference of the Group of 77 and China”) çıxışında deyib.

Toplantı 2022-ci ildə G77-yə sədrlik edən Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto Zərdarinin rəhbərli ilə reallaşıb.

Zərdari çıxışında dünyada cərəyan edən qlobal problemlərdən bəhs edib, qlobal iqtisadiyyatın COVID-19 pandemiyasından sonra bərpası, müharibələrin iqtisadi zərəri, qiymət artımı, həmçinin ərzaq qıtlığı, aclıq, yoxsulluq və ətraf mühit problemlərindən danışıb. O, G77-yə üzv ölkələrin qlobal problemlərin həlli mövzusunda səylərindən bəhs edib.

Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev iclasda dünyanın iqtisadi, sosial və ekoloji problemlər kimi çoxsaylı qlobal böhranlarla üzləşməyə davam etdiyi bir vaxtda nazirlər konfransının çağırılmasının əhəmiyyətindən danışıb. Nazir müavini bildirib ki, COVID-19 pandemiyası inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bərabərsizlikləri gücləndirib: “Pandemiya insan sağlamlığına mənfi təsirləri və əhaliyə böyük itkilər verməklə yanaşı, iqtisadi həyata və əmək bazarına da ciddi təsir göstərib. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, pandemiya səbəbindən 33 milyon insan iş yerində ixtisara düşüb. Milyonlarla insan təhsildən kənarda qalıb. YUNESKO-nun təxminlərinə görə, dünya şagirdlərinin yarısına yaxını hələ də məktəblərin qismən və ya tamamilə bağlanmasından təsirlənir və təəssüf ki, sağlamlıq böhranı səbəbindən 100 milyondan çox uşaq oxumaq üzrə minimum bacarıq səviyyəsindən aşağı düşəcək.

Peyvəndlərin inkişaf etmiş və etməkdə olan ölkələr arasında ədalətsiz paylanması pandemiyanın təsirlərini azaltmaqda ən böyük maneələrdən biri olaraq qalır. ÜST-ün 10 dekabr 2022-ci il tarixli məlumatları göstərir ki, bütün dünyada təxminən 13 milyard doz COVID-19 peyvəndi tətbiq edilib ki, onların mütləq əksəriyyəti yüksək və orta gəlirli ölkələrdəndir”.

Nazir müavini əlavə edib ki, Qoşulmama Hərəkatının Üzv Dövlətlərinin Azərbaycanın təklifinə verdiyi maraq və istəkdən ilhamlanaraq, ölkəmizin sədrliyi ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Toplantısının 2 mart 2023-cü il tarixində Bakıda keçirilməsi barədə qərar qəbul edib: “Azərbaycan hesab edir ki, sammit COVID-19 pandemiyası və onun nəticələrinin aradan qaldırılması üzrə qabaqcıl təcrübələrin mübadiləsi, eləcə də qlobal pandemiyadan sonrakı bərpa məsələsinin birgə müzakirəsi üçün növbəti uğurlu platforma ola bilər. Qoşulmama Hərəkatının bütün üzv və müşahidəçi dövlətlərinin dövlət və hökumət başçıları sammitə dəvət olunublar”.