Yasamalda yaşayış olan evi sökən tikinti şirkətinin rəhbəri həbs olunubbackend

Yasamalda yaşayış olan evi sökən tikinti şirkətinin rəhbəri həbs olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədovla bağlı məhkəməyə təqdimat daxil olub.

İnterpress.az xəbər verir ki, təqdimata Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə baxılıb.

İstintaq orqanının təqdimatı təmin olunub və Qalib Məmmədov barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, martın 27-də Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Daha sonra hadisə ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.