Türkiyəli deputat Ümit Özdağ Azərbaycanda şəhid və müharibə iştirakçılarının ailələri ilə bağlı Türkiyə Böyük Millət Məclisində yeni təkliflə çıxış edəcək.
Bu barədə İnterpress.az-a eksklüziv açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, İYİ Partiyasının sədr müavini Ümit Özdağ özü məlumat verib.
O bildirib ki, Azərbaycanda şəhid ailələrinin, eləcə də, müharibə iştirakçılarının ailələrinin Türkiyənin təhsil ocaqlarında pulsuz təhsil almaları üçün TBMM-də yeni təklif irəli sürəcək: “Türkiyədə illərdir ki, Suriyalı mühacirlərə, Azad Suriya Ordusu adı altında Suriyada döyüşən müxtəlif qrupların üzvlərinə dövlət tərəfindən xüsusi imtiyazların verildiyini müşahidə edirik. Hesab edirəm ki, bununla yanaşı azərbaycanlı şəhid ailələrinə də Türkiyədə bəzi imtiyazlar verilsin. Dağlıq Qarabağda işğalçı Ermənistan ordusu ilə Azərbaycan əsgərlərinin arasında gedən döyüşlərdə şəhid olan azərbaycanlı qardaşlarımız var. Eyni zamanda, Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak edərək yaralanan hərbçi qardaşlarımız var. Biz Qarabağda şəhid olan və qazi olan azərbaycanlı ailələrin övladlarının Türkiyədə pulsuz təhsil almalarının tərəfdarıyıq. Bunun tez bir zamanda həyata keçməsini istəyirik”.
“Biz İYİ Partiya olaraq, bu təklifi TBMM-də müzakirəyə çıxaracaq və bu barədə qanun qəbul edilməsinə nail olacağıq” – deyə, Türkiyə Böyük Millət Məclisinin deputatı, İYİ Partiyasının sədr müavini Ümit Özdağ əlavə edib.
Səid Qərib
İnterpress.az