Almaniya 12-ci əsrə aid bir qüllə üçün baxıcı axtarır: orada yaşamaq pulsuzdur.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.
Almaniyanın Bad-Vimpfen şəhərində təxminən 1170-ci ildə inşa edilmiş tarixi “Mavi Qüllə” üçün yeni nəzarətçi axtarışına başlanılıb.
Bu qeyri-adi vəzifəyə qəbul ediləcək şəxsə qalanın içərisində yerləşən 53 kvadratmetrlik mənzildə pulsuz yaşamaq imkanı təklif olunur.
Nəzarətçi kirayə haqqı ödəməyəcək, yalnız kommunal xərcləri özü qarşılayacaq.
Hündürlüyü 58 metr olan qalada lift olmadığından mənzilə çatmaq üçün hər gün 134 pilləkən qalxmaq lazımdır. Bu səbəbdən namizədin yaxşı fiziki formaya sahib olması, eləcə də şəhərin tarixinə maraq göstərməsi vacib şərtdir.
Nəzarətçi qonaqları qarşılamaq, bilet satmaq və tarixi binaya nəzarət etmək öhdəliyi daşıyacaq, həmçinin bilet satışından əldə olunan gəlirin bir hissəsini qazanacaq.
1996-cı ildən bu qalada yaşayan və burada üç övlad böyüdən 75 yaşlı hazırkı nəzarətçi Blanka Knodel 2027-ci ilin yanvarında vəzifəsindən ayrılacaq, yeni nəzarətçinin isə martın 1-dək seçiləcəyi gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az






