Moldovada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən şəxs saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Newsmaker” nəşri məlumat yayıb.
Moldovada ölkənin təhlükəsizlik orqanlarının fəaliyyəti barədə məlumat toplayan və Rusiya xüsusi xidmət orqanlarının göstərişləri ilə hərəkət etdiyi ehtimal edilən şəxs saxlanılıb.
Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin (SIS) yaydığı məlumata görə, həmin şəxs xüsusilə milli təhlükəsizliyə cavabdeh olan dövlət institutları barədə gizli məlumatlar əldə etmək məqsədilə əməkdaşlığa cəlb olunub.
Saxlanılan şəxs barəsində icazəsiz məlumat toplama maddəsi ilə cinayət işi başlanılıb.
Hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını üzə çıxarmaq və cinayətkar şəbəkəyə bağlı digər şəxsləri müəyyənləşdirmək istiqamətində istintaq tədbirlərini davam etdirirlər.
Xuraman Etibarlı
İnterpress.az






