Çin “G7” ölkələrinə öz işləri ilə məşğul olmağı məsləhət görüb.
İnterpress.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Çin XİN-in mətbuat katibi Mao Nin “Böyük Yeddilik” (G7) xarici işlər nazirlərinin Paris görüşündən sonra qəbul etdikləri birgə bəyanata sərt münasibət bildirib.
Nazirlərin Çinin Tayvan sahillərindəki fəallığının naviqasiya azadlığına və regional sabitliyə təhlükə yaratdığı barədə iddialarına cavab verən rəsmi Pekin bu bəyanatın ölkənin daxili işlərinə kobud müdaxilə və qərəzli ittihamlardan ibarət olduğunu bəyan edib.
Mao Nin qeyd edib ki, irəli sürülən iddialar absurddur və “G7″nin hələ də “soyuq müharibə” təfəkkürünə bağlı qaldığını, beynəlxalq ictimaiyyəti əsla təmsil etmədiyini göstərir.
O əlavə edib: “Çin G7-yə öz işləri ilə məşğul olmağı, üzərinə düşən öhdəlikləri yerinə yetirməyi və qlobal problemlərin həllində daha müsbət rol oynamağı tövsiyə edir”.
Xuraman Etibarlı
İnterpress.az






