Əbədiyaşar Şəxsiyyətbackend

Əbədiyaşar Şəxsiyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarix hər zaman sübut edib ki, o şəxsiyyət əbədiyaşar ömür qazanır ki, öz nümunəsi ilə xalqı gözəl, nəcib, faydalı və işıqlı işlərin ardınca apara bilir və bilib. Xalqın bütün arzu və istəkləri, gücü, enerjisi, fikir və düşüncələri də bu cür şəxsiyyətin, parlaq dühanın özündə cəmləşir. Belə şəxsiyyətlər həm tarix üçün, həm də əbədiyyət üçün yaşayır, yaradır, qurur və həyatdan köçürlər. Belə şəxsiyyətlər bir də ona görə ölməzlik qazanırlar ki, onların əməllərindən, yaratdıqlarından nəsillər, millətlər, xalqlar bəhrələnirlər, fayda götürürlər. Onların həyat və fəaliyyətinə baxanda bir daha əmin olursan ki, bu şəxsiyyətlərin ömür səhifələrinin hər birində yeni-yeni üfüqlər var, hələ heç kimin görmədiyi, duymadığı, anlaya bilmədiyi ənginliklər, yeni-yeni ulduzlar sayrışır. Onları təzədən kəşf etmək də böyük səadətdir, gözəl duyğudur. Bax, mənim üçün ulu öndərimiz Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Onun ömür yolunu öyrəndikcə, gördükləri işlərə dərindən nüfuz etdikcə, anlayırsan ki, bizim nə böyük dühamız, nə böyük öndərimiz olub!

Heydər Əliyev bizim istiqlalımızın bizə ən böyük hədiyyəsi idi. O, həm siyasətçi, həm dövlət xadimi, həm də SSRİ dövründə Sovet İttifaqının ən nüfuzlu və dəyərli liderlərindən biriydi və Allah onu məhz ən ağır dövrdə – müstəqilliyimizin başının üstünü qara buludlar aldığı bir dövrdə bizə ikinci dəfə göndərdi, Azərbaycan xilas edildi, dövlətçiliyimiz, müstəqilliyimiz xilas edildi. O zamanlar biz yeni dövrün siyasi və inzibati havasının gərginliyi, həm də son dərəcə dramatik vəziyyət alması fonunda Heydər Əliyevin daha bir simasını – təkcə uzaqgörən siyasətçi və dövlət xadimi, böyük şəxsiyyət və insan olmasını deyil, həm də müstəsna şəxsiyyət olaraq Öndər, Örnək kimi gördük və tanıdıq. Sovet dönəmində baş verən siyasi proseslər, 90-cı illərin əvvəllərindən ayaq götürən qatma-qarışıq, qanlı-qadalı, faciəli, sonu bəlli olmayan hadisələr burulğanı sübut elədi ki, Heydər Əliyevsiz Azərbaycanın sabit və rahat həyata qayıtması mümkün deyil. O hadisələr sübut elədi ki, Heydər Əliyevsiz Azərbaycan dövlətinin yaşaması, müstəqilliyimizin əbədi olması mümkün deyil! Biz bu prosesləri yaşamışıq və görmüşük! Xalq əsrlərlə qazandığı mənəvi-əxlaqi dəyərləri də itirə bilərdi! Amma Heydər Əliyev buna imkan vermədi. Ulu öndər həm də buna görə əbədiyaşar ömür qazandı.

Ulu Öndər adını qazanmaq hər şəxsiyyətə nəsib olmur, amma Heydər Əliyevə nəsib oldu. Mən çox xoşbəxtəm ki, onunla bir dövrdə yaşamışam, onun zəngin ömrünün son illərində onu görmüşəm, onu yaxından müşahidə etmişəm, canlı olaraq nitqinə, söhbətlərinə qulaq asmışam, ondan öyrənmək, bəhrələnmək imkanı əldə etmişəm.

12 dekabr 2003-cü il bizim yeni tariximizin ən kədərli günü və bəlkə də ən qürurlu günümüz oldu: həmin gün milyonlarla insan öz rəhbərini son mənzilə yola salırdı, sevimli liderlərini çiyinlərində Fəxri Xiyabana aparırdı. O, son mənzilə də öndə gedirdi – milyonların önündə. Ona əbədiyaşar ömrü də bu xalq vermişdi, çünki o, bütün həyatı boyu bu xalqın önünə, bu millətin qabağına düşüb onun arzu-istəklərini yerinə yetirmişdi, onu birləşdirməyə çalışmışdı. Xalq “Heydər!” deyirdi, Heydər isə son nəfəsinədək “Xalq!” demişdi və həmin gün xalq yenə “Heydər!” deyirdi, qəhrəman oğlunu əbədiyyətə yola salırdı. Qürur doğuracaq kədər də bu idi! Hələ dünyanın heç bir ölkəsində belə bir vidalaşma olmayıb!

Bu gün qürurla demək olar: Azərbaycan tarixinin ən parlaq səhifələrini Heydər Əliyevin yaratdıqları tutur. Azərbaycanın ən yeni tarixində ulu öndərimizin adı və möhürü əbədi olaraq qalacaq. Buna heç kimin şübhəsi olmasın. Onun yarım əsrdən də çox bir müddət ərzində Azərbaycana, onun dövlətçilik ideallarına xidmət göstərməsi onu tariximizin ayrılmaz bir parçasına çevirib. Təkcə elə bu fakt kifayətdir ki, Heydər Əliyev şəxsiyyətinin nəhəngliyini, onun ömür yolunun zənginliyini, tariximizdəki yeri və çəkisini biləsən, qiymətləndirəsən.

Bütün həyatını ölkəmizin çiçəklənməsinə həsr etmiş ulu öndərimiz səhiyyə sahəsinə – xalqımızın sağlamlıq məsələlərinə də taleyüklü məsələ kimi yanaşıb. O, səhiyyənin cəmiyyət və dövlətin həyatında ən vacib sahə olduğunu deyirdi. “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”. Göründüyü kimi, ulu öndər həyatımızı digər sahələri ilə yanaşı, səhiyyə sisteminin də yenidən qurulmasını, yeni tibb müəssisələrinin yaradılmasını, ölkədə sağlamlıq zonaları və istirahət evlərinin tikilməsini, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsini önə çəkirdi. Hələ ötən əsrin 70-ci illərindən də Azərbaycanın ucqar rayonlarında ixtisaslı həkimlər – kardioloq, onkoloq, ginekoloq, nevropatoloq, sanitar həkim və epidemioloqlar yetərli deyildi. İnsanlar müalicə üçün kənddən şəhərə axışırdı. Heydər Əliyev hələ o zamandan bu sahəyə diqqət artırmağa başladı, tibb profilli ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun sayını artırdı, kənddən gələn abituriyentlər üçün güzəştlər tətbiq etdi. Beləliklə, bu və ya digər tədbirlər bölgələrdə fəaliyyət göstərən səhiyyə müəssisələrində kadr çatışmazlığının aradan qaldırılmasına səbəb oldu…Bu misalların sayını nə qədər desən artırmaq olar.

Müstəqillik dövründə ulu öndərimiz Azərbaycan səhiyyəsinin inkişafı üçün daha önəmli işlər görmüşdür. Səhiyyə sahəsindəki geniş miqyaslı islahatların həyata keçirilməsi və bugünkü səhiyyəmizin uğurları məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Əminliklə deyə bilərəm ki, bu gün ulu öndərimizin və onun layiqli davamçısı İlham Əliyevin səhiyyə sisteminə göstərdikləri xüsusi diqqəti sayəsində ölkəmizdə tibb elmi, tibb təhsili və bu sistemin digər sahələri yüksək hazırlıqlı milli kadrlarla təmin edilmiş, əhalinin sağlamlığı sahəsində irəliləyişlər əldə olunmuşdur. Bütün bunlar ulu öndərimizin rəhbərliyi ilə görülən ardıcıl, məqsədyönlü, sistemli və kompleks xarakterli tədbirlərin nəticəsində qazanılıb və indi də uğurla davam etdirilir. Ulu öndərimizin bilavasitə rəhbərliyi altında müstəqil Azərbaycanın səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. İlk növbədə səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Bu məqsədlə ölkədə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı. Ulu öndərin Azərbaycan səhiyyəsi sahəsində xidmətlərindən danışarkən səhiyyə islahatları proqramının hazırlanması və icrasını xüsusi qeyd etmək olar. Onun “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 13 mart 1998 – ci il tarixli Sərəncamı səhiyyənin bütün sahələrini əhatə edən islahatların daha geniş miqyasda və sürətlə aparılması üçün şərait yaratdı. Məhz onun iradəsi və əzmi sayəsində ölkədə yeni səhiyyə sisteminin qurulması mümkün oldu, maddi-texniki bazası gücləndi. Hazırda qürurla deyə bilərəm ki, Azərbaycan tibb müəssisələri bir çox hallarda dünyanın qabaqcıl tibb ocaqlarından geri qalmır, bəzi hallarda isə onları üstələyir də…

Göründüyü kimi, ulu öndərimizin əsasını qoyduğu səhiyyə strategiyası bu gün də uğurla davam etdirilir, əhalinin sağlamlığı və sosial rifahı yüksəlir, tibb sahəsində yeni-yeni nanotexnologiyalı, yüksək innovasiyalı müalicə-diaqnostika müəssisələrinin sayı və yüksək ixtisaslı tibbi personalının xüsusi çəkisi durmadan artır…

Biz xoşbəxtik ki, bəxtimizə Heydər Əliyev kimi müdrik və uzaqgörən lider düşdü və bu gün onun həyat və fəaliyyəti nəsillərimiz üçün örnəkdir. Hələ bundan sonra gələn neçə nəsillər bu böyük şəxsiyyətin qətiyyətli, yenilikçi, müdrik və uzaqgörən islahat və proqramlarının əsl mahiyyətini daha dolğun açacaqlar. Onun siyasi-iqtisadi və mədəni həyatımızın bütün sahələrindəki islahatları, diplomatiya, etiket, davranış, mədəniyyət, dil, səhiyyə, idman, ədəbiyyat və incəsənət… sahəsindəki dərin bilikləri, özünəməxsus məziyyətləri hələ bundan sonra da öyrənilməlidir.

Mən bir həqiqətə də qəti inanıram: Heydər Əliyevin gördüyü nəhəng işlər, siyasi-iqtisadi və mədəni həyatımızın bütün sahələrinin sağlamlaşdırılmasında və düzgün istiqamətləndirilməsində apardığı islahatlar onun Öndər və Lider kimi təkrarsız şəxsiyyət olmasını sübut edir. O bütöv bir Universitet idi və onun kimi fitri istedad sahibləri bundan sonra yüz il də dünyaya gəlsələr, onun zəngin Universitet dünyasına çata bilməyəcəklər, onun ömür yolunu yaşaya bilməyəcəklər.

Ulu Öndərimizin həyat və fəaliyyəti nə nağıl, nə də əfsanədir – bunlar adi həqiqətlər və gerçəkliklərdir. Bunlar bizim dünənimiz, bu günümüz və gələcəyimizin unudulmaz və əbədiyaşar parçalarıdır.

Millət Vəkili
Rəşad Mahmudov

Interpress.Az