New York Times qəzetinin müxbiri John Branch alpinist Tommy Caldwel-in 2000-ci ildə Pamirdə oğurlanması barədə yazarkən nəzərdə tutduğu Qırğızıstanın adını Qırzbəkistan (ingilis dilində – “Kyrzbekistan”) kimi göstərib.
Yanvarın 7-də dərc olunmuş məqalədəki səhvi tutan həm başqa nəşrlərin jurnalistləri həm də ki, oxucular dostyana iradlarını bildiriblər.
\”23 il əvvəl Sovet İttifaqının dağılması bir neçə yeni ölkənin yaranması ilə nəticələndi. Onlardan bir çoxunun adı “stan”la bitir. Məsələ kifayət qədər mürəkkəbdir və buna görə də bu kimi səhvlər olur”, – Washington Post qəzeti səhvlə bağlı istezalı şərhində bildirib.
Nəticə olaraq qəzetin onlayn versiyasında çıxan məqalədəki səhv düzəldilib.
\”Məqalənin əvvəlki variantında Tommy Caldwel-i oğurluyanları təqib edən qoşunların mənsub olduğu ölkənin adı düzgün göstərilməyib. Bu mövcud olmayan Qırzbəkistan yox Qırğızıstandır”, – üzr istəyərkən səhvi düzəldən jurnalistlər bildiriblər.
Lakin düzəlişlər edilərkən uydurma dövlət internet məkanında artıq məşhurlaşıb və onunla bağlı çoxsaylı şərhlər yayılmağa başlayıb.
Olaydan sonra \”Twitter”də #Kyrzbekistan həştəqilə minlərlə messajlar paylaşılıb. Ölkənin ingilisdilli @kyrzbekistan hesabı yaradılıb.
Bloqçulardan biri Qırzbəkistanın sürətlə “ən populyar və çox müzakirə olunan” ölkəyə çevrildiyini yazıb.
\”Belə ölkə yoxdu? Qırzbəkistanlılar bundan çox məyus ola bilərlər”, – daha bir \”Twitter” postunda deyilir.
İnternetdə Qırzbəkistan saytları yaradılıb və bu ölkəyə baş çəkmək istəyənlərə səyahətlə bağlı məsləhətlər təklif edilir.
John Branch isə \”Twitter”-dəki müzakirələrə yarızarafat münasibət bildirərkən bu yaxınlarda Qırzbəkistanda olacağını yazıb.
Bəzi bloqçular ümid edir ki, internet müzakirələri Mərkəzi Asiya ölkələrinə marağı artıraraq adamları Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Tacikistana baş çəkməyə həvəsləndirə bilər.
İnterpress.az